Bu gecə Rusiyanın paytaxtı da daxil olmaqla bir sıra bölgələrdə PUA hücumu olub. Ukraynanın Moskva və Moskva vilayətinə hücum cəhdi zamanı ən azı 14 PUA hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Ramenskoye şəhərində PUA hücumu zamanı 9 yaşlı uşaq ölüb. Hücum zamanı 46 yaşlı qadın da həlak olub. Daha bir nəfər isə yaralanıb.
Moskva meri Sergey Sobyanin yerli vaxtla saat 02:32-dən etibarən rəsmi “Telegram” kanalında paytaxt istiqamətində hərəkət edən pilotsuz təyyarələrlə bağlı bir sıra məlumatlar paylaşıb.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Moskva vaxtı ilə saat 05:23-də hava hücumundan müdafiə qüvvələrinin Podolsk, Ramenskoye, Lyubertsı, Domodedovo və Kolomna rayonlarında 14 pilotsuz təyyarənin vurulduğunu bildirib.
PUA hücumları nəticəsində Ramenskdə yaşayış binalarına ziyan dəyib. Lyublino rayonunda isə 11-12-ci mərtəbələrdəki mənzillər yanıb. 9 yaşlı uşaq dünyasını dəyişib.
Digər PUA isə Ramensk şəhərinin Vısokovoltnaya küçəsindəki evə dəyib. Nəticədə 9-cu mərtəbədəki mənzilə ziyan dəyib. Hadisə zamanı bir nəfər yaralanıb.
Paytaxt istiqamətinə hücum edən PUA-lardan biri Jukovski hava limanı ərazisinə düşüb. PUA hücumları ilə bağlı Moskvanın Şeremetyevo, Domodedovo və Jukovski hava limanlarında uçuşlar təxirə salınıb və ya ləğv edilib.
Bundan başqa hava hücumundan müdafiə qüvvələri Bryansk vilayəti üzərində 59 PUA-nın məhv edildiyini açıqlayıb. Regionun rəhbəri Aleksandr Boqomazın “Telegram” kanalında verdiyi məlumata görə, itki və dağıntı yoxdur.
Tula bölgəsi üzərində isə iki PUA məhv edilib.
Lipetsk vilayətinin başçısı İqor Artamonov məhv edilən pilotsuz təyyarələrin sayını göstərmədən PUA hücumları ilə bağlı məlumat verib.
Kaluqa vilayətində hava hücumundan müdafiə qüvvələri gecə saatlarında Jukovski, Maloyaroslavetsk və Dzerjinski rayonlarında 7 PUA-nı məhv edib. İlkin məlumatlara görə, tələfat və infrastruktur dağıntıları olmayıb.