Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedeyev 2008-ci il müharibəsinə görə Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin məsuliyyət daşıdığını bildirib.
Medvedev Rusiya ilə Gürcüstanın ortaq tarixə və dinə malik iki qonşu olduğunu, Moskvanın Tbilisiyə dəfələrlə kömək etdiyini söyləyib. O, 16 il əvvəl baş verən müharibəyə görə isə tək günahkarın o zamankı prezident Saakaşvilidə olduğunu qeyd edib.
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Saakaşvili ciddi siyasətçidir:
“Doğrudur, səhvləri olub, amma hər halda Gürcüstan tarixində iz qoymağı bacarıb. 2008-ci il müharibəsi Gürcüstanın ədalətli mübarizəsi idi. Sadəcə olaraq Tbilisi buna hazır deyildi və ona beynəlxalq dəstək də yox idi. Bu səbəbdən ərazilərini itirdi və məğlub oldu.
Dmitri Medvedevin bu açıqlaması ilk növbədə ictimai rəyə hesablanıb. O, Rusiyanı “süddən çıxmış ağ qaşıq” kimi göstərməyə çalışır. İkinci bir tərəfdən, görünən odur ki, rəsmi Moskva Gürcüstanın hazırkı hakimiyyəti ilə münasibətlərin inkişafında, “suların durulmasında” maraqlıdır. Bütün bunları nəzərə alaraq yaşanmış müharibəyə görə keçmiş iqtidarı günahlandırır və belə demək mümkünsə, keçmiş səhifələri bağlamağa çalışır”.
Turan Rzayev
Globalifno.az