Moskva görüşündə nə razılaşdırılıb? – Lavrov detalları açdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 25-i Moskvada xarici işlər nazirləri səviyyəsində keçirilən üçtərəfli görüşün detallarını şərh edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici işlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən Sergey Lavrov üçtərəfli görüşün səmərəli keçdiyini bildirib:

“İlk olaraq Rusiya-Azərbaycan və Rusiya-Ermənistan görüşü oldu, ölkələrimiz arasındakı əlaqələri və əldə olunan razılaşmaların həyata keçirilməsini müzakirə etdik. Daha sonra üçtərəfli danışıqlara başladıq. Rusiyanın Sülhməramlı Kontingentinin təqdim etdiyi hesabatlara əsasən Moskvanın dəyərləndirmələri tərəflərin maraqlarına uyğun olaraq lazımı işlərin görülməsi, bölgədəki erməni sakinlərin ərzaq, tibbi ləvazimat, qaz, elektrik kimi ehtiyaclarının qarşılanması məsələləri gündəmə gətirilib. Rusiya gərginliyin aradan qaldırılmasında maraqlıdır.

Həmçinin regionda kommunikasiyaların açılması, iqtisadi əlaqələrin formalaşması kimi vacib məsələlər də müzkairə edildi. Sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar prosesinin ən vacib hissəsi olan sərhədlərin müəyyənləşməsinin vacibliyinə diqqət çəkildi”.

Rusiya XİN başçısı bildirib ki, sülh mmüqaviləsinin imzalanması istiqamətində müəyyən həlli vacib olan problemlər var:

“Danışıqlar prosesinin kuliminasiya nöqtəsi kimi Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan və Ermənistan tərəfinin üçtərəfli görüşlərdə göstərdiyi səylərin altından xətt çəkəcək müqavilənin imzalanmasını gözləyirik. Yolumuz elə də asan deyil. Çünki həll edilməli çox sayda vacib məsələlər və problemlər var. Bunlardan biri də 1991-ci ildə keçmiş sovet respublikalarının Alma-Atada imzaladıqları sənəddir. Bu gün onun effektivliyi həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi tərəfindən təsdiqlənib. Sülh müqaviləsi üzərində işlər də ona uyğun olaraq aparılır. Erməni tərəfi Qarabağdakı ermənilərlə Azəbaycan nümayəndələrinin milli azlıqların hüquqlarının müdafiəsi ilə bağlı razılığa gəlmək üçün Bakı ilə Xankəndi arasında görüşün keçirilməli olduğunu anlayır. Azərbaycan öz torpaqlarında yaşayan digər xalqlara zəmanət verməyə hazırdır. Bugünkü müzakirələr bu və digər istiqamətdəki danışıqlara müsbət təsir göstərəcək”.

Lavrov Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün müxtəlif səviyyələrdə fərqli dialoqun təşkil edilə biləcəyini deyib:

“Hazırda ən dəqiq məsələ regionda nəqliyyat kommunikasiyalarının açılması ilə məşğul olan üç ölkənin baş nazir müavinlərinin rəhbərlik etdiyi işçi qrupunda razılığın əldə olunmasıdır. Bu kontekstdə nəqliyyat kommunikasiyalarının açılması təkcə regional deyil, həm də daha geniş xarakter daşıyan perspektivli layihələrin həyata keçirilməsinə də şərait yaradacaq. Biz razılaşdıq ki, vətəndaş cəmiyyəti və siyasi ekspertlər arasında dialoqu yenidən başladaq. Həmçinin parlamentarilər arasında da üçtərəfli dialoqun təşkilini təklif etdik. Bakı və İrəvan arasında razılığın əldə olunması üçün bizim kimi çalışanların səylərini alqışlayırıq. Üç ölkə arasında lidelərin də görüşü daxil olmaqla bu il növbəti müzakirələrin təşkili üzərində işləməyə davam edəcəyik”.

Qeyd edək ki, iyulun 25-də Moskva şəhərində Rusiya, Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş keçirilib.

Ayşən Mustafa
Globalinfo.az