Polish 20250211 212120961

Globalinfo.az türkiyəli politoloq Engin Özerdən gündəmdəki məsələlərlə bağlı müsahibə alıb. Həmin müsahibəni təqdim edirik:

– Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-a səfəri çərçivəsində “Ermənistan və Türkiyə arasında indiyə qədər görünməmiş bir yaxınlıq və danışıqlarda intensivlik var”, deyə bəyanat verdi. Bununla yanaşı, erməni xəbər portalı News.am martın 1-də Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinin açılacağı ilə bağlı informasiya yayıb. Ermənistan Xarici İşlər Nazirliyi isə bununla bağlı heç bir inkişaf olmadığını bəyan edib. Məsələyə münasibətinizi öyrənmək istərdik, Engin bəy.

– Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması üçün təxminən on il bundan öncə də səy göstərilmişdi. Türkiyənin Ermənistanla diplomatik münasibətləri qurması üçün əsas tələblərindən biri olan Qarabağ məsələsi artıq həllini tapıb. “Soyqırımı” iddiası xaric bir problem qalmayıb. Münasibətlərin normallaşması Azərbaycana da sərf edir. Digər tərəfdən, ABŞ-ın Ermənistana xüsusi maraq göstərməsinin səbəbi “Orta Dəhliz” layihəsi ilə bağlıdır. Ukrayna məsələsindən sonra bu dəhlizin əhəmiyyəti daha da artıb. Amerikalılar bu layihənin həyata keçirilməməsi üçün Ermənistanı bölgədəki aləti kimi istifadə edir. Çinin Avropa ilə ticarətində əngəl yaratmaq üçün belə bir səy mövcuddur.

engin

Engin Özer

– Azərbaycan-Rusiya münasibətlərindəki gərginlik fonunda rəsmi Ankaranın susqunluğunu görürük və ya bizə belə görünür. Rəcəb Tayyib Ərdoğan iki prezidentin – Vladimir Putin və İlham Əliyevin “barışığı” üçün addımlar atırmı?

– “Rus Evi”nin bağlanması Türkiyənin müdaxilə edəcəyi bir mövzu deyil. Təyyarənin vurulması ilə bağlı isə Ankaranın edə biləcəyi tək şey ekspertləri yollamaq idi ki, bunu da etdi. Azərbaycan və Rusiya arasındakı gərginlikdə Türkiyə vasitəçi ola bilməz. Çünki Azərbaycanın Rusiya ilə münasibətlərinin keçmişi Türkiyə ilə münasibətlərdən daha dərindir. Lakin Ankaranın baş verənlərdən məmnun qaldığı da söylənilə bilməz. Yaxın zamanda bu gərginliyin artacağı görünür. Rəsmi Bakı münasibətləri normallaşmaq üçün bir yol tapacaq.

– Böyük Britaniya İraqda, Fransa isə Suriyada fəallaşdığı bir zamanda Türkiyə baş verənlərdən kənarda qalıb. Türkiyə Yaxın Şərqdə gedən proseslərdə nə qazandı, nə itirdi? Türkiyənin daxilində problemlər yaratmaqla onu oyundan kənar qoymaq istəyirlər?

– Britaniya və Fransa Yaxın Şərqi formalaşdıran iki tarixi dövlətdir. Bölgə ilə tarixi əlaqələr mövcuddur. Suriyadakı Ərəb Sosialist Bəəs Partiyası ilə Fransanın əlaqələri son zamanlara qədər davam edirdi. Suriyada baş verənlərdən Türkiyənin ciddi mənfəət əldə etdiyini demək olmaz. Türk mediasında bu, Türkiyənin qələbəsi kimi görünsə də çox da böyük qazancı olmadı. Ancaq Suriyanın yeni hökumətinin lideri Əhməd əl-Şaaranın orada bir kürd dövləti qurmayacağına dair vəd verməsi Türkiyənin maraqları ilə üst-üstə düşür. Lakin Türkiyə Suriyada qazandıqlarını təəssüflər olsun ki, ABŞ ilə uzlaşdıra biləcəyi bir siyasətlə qoruyur. Bugünkü vəziyyət dünənkindən yaxşı deyil. Yaxın Şərqdəki digər məsələlərdə də Türkiyə dediyiniz kimi masaya oturmur. Bu da Ankara hökumətinin qəti mövqeyə sahib olmaması ilə bağlıdır. Bütün məsələlərdə praqmatik davranırlar. Lakin bölgənin illərdir formalaşan status-kvosu var. Türkiyənin getdikcə daha çox masa kənarında qalacağı görünür.

– Qəzza zolağındakı vəziyyətlə bağlı ABŞ prezidenti Donald Trampın bəyanatı və İsrail, Misir və Səudiyyə Ərəbistanından gələn reaksiyalara nəzər salsaq, Fələstin xalqını daim müdafiə edən Türkiyənin passivliyini müşahidə etmək olar. Türkiyə artıq regionda söz sahibi rolunu itirirmi?

– Suriyanın keçmiş kəşfiyyat rəisi də bununla bağlı açıqlama vermişdi. Səudiyyə Ərəbistanı İsraillə iki dövlət arasında məsələ həllini tapmadığı müddətcə münasibətlər qurmağı düşünmür. Səudiyyə Ərəbistanı hazırda tarixdə ilk dəfə qəzzalılara bu qədər sahib çıxır. Amma Türkiyə bəzi sərt qınaqlarla kifayətlənir. Türkiyənin Yaxın Şərqdə gücünün azalacağını bu gündən görə bilərik. Bir tərəfdən İsraillə münasibətləri pozulmuş, digər tərəfdən də ərəb dünyasında nüfuzunu itirmiş Türkiyədən danışırıq. Sizin də söylədiyiniz kimi, Türkiyə bölgədə gücünü itirir.

Gülnar Səlimova,
Globalinfo.az
İstanbul

Paylaş: