pasinyan putin 12

“Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərindən sonra Ermənistanın Qərblə münasibətlərindən təhdid elementi kimi istifadəsinin effektiv nəticə verməyəcəyi daha aydın görünməkdədir”.

Bu sözləri Globalinfo.az-a politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, son zamanlar bölgədə diplomatik müstəvidə aktiv proseslərin şahidi oluruq:

“Digər tərəfdən, Rusiya-Gürcüstan münasibətlərində nəzərə çarpan pozitiv məqamlar, bəzi Qərb dairələrinin Gürcüstanla bağlı təxribat ssenarilərinin boşa çıxması rəsmi İrəvanı, bölgədə cərəyan edən hadisələrin perspektivi ilə bağlı daha ciddi şəkildə düşünməyə vadar edir.

Qeyd edim ki, Gürcüstanın sabiq prezidenti Georgi Marqelaşvilinin bu yaxınlarda “Wall Street Journal” dərgisində səsləndirdiyi fikirlər, bölgədə cərəyan edən proseslərlə bağlı bir sıra mətləblərin gün işığına çıxarılmasına zəmin yaradır. Marqelaşvili sözügedən müsahibəsində qeyd edir ki, Rusiya Gürcüstanda böyük ideoloji qələbə qazanıb.

Marqelaşvilinin fikirlərindəki həqiqət payını önə çəksək, əslində Gürcüstan hökuməti xalqın geosiyasi orientasiyasını dəyişmir. Gürcü xalqı, dövləti Qərbin gerçək üzünü daha aydın şəkildə gördüyü üçün, xalqları, dövlətləri öz maraqlarının girovuna çevirib qurban verən bu etibarsız qütbdən uzaqlaşır və tam müstəqil siyasət yürütməyə, bölgənin maraqlarından çıxış etməyə üstünlük verir. Real mənzərə budur. Və belə bir şəraitdə Ermənistan məntiqi məcrasına qədəm qoyan proseslərdən nəticə çıxarmaq və ən azı, Rusiya ilə bağları qoparmamaq məcburiyyətindədir”.

Elcin mirzəbəyli

Elçin Mirzəbəyli

Politoloq deyib ki, digər tərəfdən, Ermənistan artıq xeyli müddətdir ki, bölgə dövlərlərinin, o cümlədən Rusiyanın maraqlarının “qırmızı xətt”ində uğursuz manevrlərini davam etdirməkdədir:

“Proses elə bir mərhələyə qədəm qoyub ki, bundan bir addım da irəli getmək, rəsmi İrəvan üçün həddindən artıq ağır nəticələrə səbəb ola bilər. Belə bir şəraitdə İrəvanın Moskvaya üz tutması, sadaladığım məqamların təsir altında baş verir. Həm də Ermənistanın hələ uzun illər boyu Rusiyadan və bu ölkənin dominant rol aldığı təsisatlardan iqtisadi baxımdan asılılığının aradan qalxmayacağı perspektivi, İrəvanı daha soyuqqanlı siyasət yürütməyə məcbur edir.

Amma baş verənlərə Paşinyan hakimiyyətinin geosiyasi orientasiyasını dəyişmək istəyi kimi qiymətləndirmək doğru olmazdı. Hər halda üçtərəfli formatda işçi qruplarının birgə fəaliyyətindən doğan nəticəni gözləmək daha doğru olardı. Yaxın iki ay ərzində proseslərin məntiqi nəticəsi haqqında müəyyən təsəvvürlər formalaşa bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: