İsmayıllıda təhlükə: 240 baş heyvanı sel apardı, vətəndaşlar belə xilas edildi – VİDEO

Güclü leysan yağışları İsmayıllı rayonunun Mollaisaqlı kəndində fəsadlar törədib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, yağan güclü yağış nəticəsində evlərə və təsərrüfatlara ciddi ziyan dəyib, xırda buynuzlu heyvanları sel aparıb, həyətyani sahələrdə əkilən təsərrüfata ciddi ziyan dəyib. İlkin məlumatlara əsasən, bir çox texnika əraziyə cəlb olunub. Hazırda kəndin işıq, qaz, su təchizatı dayandırılıb. Yağış davam edir, kəndə giriş məhdudlaşıb.

İlkin məlumatlara əsasən, 90 başa yaxın iri buynuzlu mal qara və 150 başdan çox xırda buynuzlu heyvanı sel suları aparıb. Sel nəticəsində, kəndin içməli su təchizatı və digər sahələrinə də ciddi ziyan dəyib.

***

İsmayıllıda çaya sel gəlməsi səbəbindən təhlükəli vəziyyətdə qalan vətəndaşlar təxliyə ediliblər.

Globalinfo.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Mollaisaqlı kəndində çaya sel gəlməsi səbəbindən vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, intensiv yağan yağışlar nəticəsində çaya sel gəlməsi səbəbindən Mollaisaqlı kəndində vətəndaşlar təhlükəli vəziyyətdə qalıb.

Xilasedicilər xilasetmə vasitələrindən istifadə etməklə təhlükəli vəziyyətdə qalan vətəndaşlar, 1978-ci il təvəllüdlü Şirinov Raqif Elman oğlu, 1981-ci il təvəllüdlü Bağıyev Cəlil Ağasif oğlu, 1981-ci il təvəllüdlü Bağıyev Etiram Niyazi oğlu və 1980-ci il təvəllüdlü Şirinov Abuzər Qurban oğlunu sel gəlmiş ərazidən keçirərək təhlükəsiz əraziyə təxliyə ediblər.