MM sədri Belçikanın qətnamələrini kəskin tənqid etdi

Milli Məclisin (MM) sədri Sahibə Qafarova Belçika parlamentində son 3 ildə Azərbaycanla bağlı qəbul olunmuş 5 birtərəfli və qərəzli qətnaməni kəskin tənqid edib.

Globalinfo.az xəbər verir ki, Sahibə Qafarova fikirlərini avqustun 25-də ölkəmizdə səfərdə olan Belçika Krallığının xarici işlər, Avropa işləri, xarici ticarət və federal mədəni institutlar naziri Hadja Lahbibin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən zaman çatdırıb.

O vurğulayıb ki, bu qətnamələr regionumuzdakı vəziyyəti düzgün əks etdirmir. O, eyni zamanda belçikalı deputatların yalnız Ermənistana səfər etməsinin region ölkələrinə münasibətdə balansı pozduğunu bildirib. Spiker Sahibə Qafarova Azərbaycan tərəfindən Belçika parlamentinin rəhbərliyinə, dostluq qrupunun başçısına və digər parlamentarilərə dəvətlər göndərildiyini xatırladaraq, qeyd edib ki, bu cür səfərlər Azərbaycandakı, regiondakı, xüsusən Qarabağdakı vəziyyət haqda daha dəqiq və düzgün məlumat əldə etməyə imkan verəcək. Bu, hazırkı vəziyyəti, bizim Qarabağdakı erməni sakinlərə, bizim vətəndaşlarımıza olan münasibətimizi başa düşmək baxımından əhəmiyyətlidir. Əgər onlar Azərbaycana gəlsələr, hər şeyin şahidi olacaq, Şuşaya, Ağdama getsələr, Ağdamı, XXI əsrin Hirosimasını görəcəklər. Sahibə Qafarovanın sözlərinə görə, təkcə Ağdamda deyil, Ermənistanın işğalı altında olan bütün şəhər və rayonlarımızda, kəndlərimizdə hər şey dağıdılıb.