Baş nazirlər arasında təkbətək görüş başladı – YENİLƏNİB

Azərbaycan və Rusiyanın baş nazirləri Əli Əsədov və Mixail Mişustin arasında təkbətək görüş başlayıb.

Globalinfo.az xəbər verir ki, görüş Azərbaycan Nazirlər Kabinetinin binasında keçirilir.

Görüşə daha sonra nümayəndə heyətlərinin üzvləri qoşulacaq. Rusiya nümayəndə heyətinin tərkibinə Baş nazirin müavini Aleksey Overçuk, nəqliyyat naziri Vitali Savelyev, Rusiyanın əmək və sosial müdafiə naziri Anton Kotyakov, Rusiya İxrac Mərkəzinin baş direktoru Veronika Nikişina və başqaları daxildir.

Daha əvvəl məlumat verilmişdi ki, M.Mişustinin səfəri çərçivəsində Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır. Enerji, nəqliyyat, sənaye, mədəni, humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə birgə layihələrin təşviqinə xüsusi diqqət yetiriləcək.

Xatırladaq ki, M.Mişustin Azərbaycana ikigünlük işgüzar səfərə gəlib.

***16:46

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin martın 5-də Azərbaycan Respublikasına səfərə gəlib.

Globalinfo.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Rusiya Hökumətinin sədrini Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Elnur Məmmədov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov və digər rəsmi şəxslər qarşıladılar.

***08:45

Bu gün Rusiyanın Baş naziri Mixail Mişustinin Azərbaycana ikigünlük işgüzar səfəri başlayır.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya hökumətin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində o, Azərbaycanın Baş naziri Əli Əsədovla və digər rəsmi şəxslərlərlə görüşlər keçirəcək.

Danışıqlar zamanı Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır. Xüsusən enerji, nəqliyyat, sənaye, mədəni, humanitar və digər sahələrdə birgə layihələrin təşviqinə diqqət yetiriləcək.

Görüşlərin və danışıqların yekunu olaraq bir sıra hökumətlərarası və idarələrarası sənədlərin imzalanacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan Rusiyanın aparıcı xarici iqtisadi tərəfdaşlarından biridir. Ölkəmizdə də habelə Rusiyanın iştirakı ilə 1,4 mindən çox müəssisə var ki, onlardan 300-ü tamamilə Rusiya kapitalına malikdir. 2023-cü ildə Rusiya Federasiyasının Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaları 295 milyon dollar təşkil edib.