Misir Mərdanov və Mirşahinə sui-qəsd cəhdinin gerçək üzü – YENİ DETALLAR

Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən bir qrup şəxsin cinayət işi üzrə araşdırma aparılarkən onların ictimaiyyət arasında tanınan və vəzifəli şəxslərin həyatına sui-qəsd planlaşdırdıqları məlum olub. Bildirilir ki, belə simaların arasında keçmiş təhsil naziri Misir Mərdanov və Real TV-nin rəhbəri Mirşahin Ağayev də var.

Görünür, Azərbaycanı qarışdırmaq üçün bir neçə tanınmış şəxsə qarşı terror planı hazırlanırmış. Bu ssenariyə Tehrandakı səfirliyə silahlı basqın da daxil imiş. Məlum olduğu kimi, “Kərimə”çilərin bir qismi həbsdədir, hakim qarşısına çıxarılır, lakin azadlıqda qalanlar da var. Belə bir məqamda hansı təhlükələr gözlənilir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan təhlükəsizlik üzrə ekspert Rəşad Rza bildirib ki, son vaxtlar nəinki adı çəkilənlər, eyni zamanda digər tanınmış şəxslərə qarşı da terror aktının planlaşdırılması ehtimalı var:

“Bu hal təkrarlana, yeni terror aktlarına cəhdlər ola bilər. Məqsəd Azərbaycan cəmiyyətində ajiotaj yaratmaq, əhali arasında panika salmaqdır. Bunlar gözləniləndir, çünki hazırda Ermənistanla yanaşı Azərbaycana qarşı qərəzli mövqedə olan başqa ölkələr də var. Lakin belə halların qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi üçün müəyyən addımlar atılmalı, xüsusən güc strukturları gücləndirilmiş rejimdə işləməlidirlər.

Rəşad Rza

Hesab edirəm, təhlükəsizlik orqanları sözügedən hadisələrin qarşısını almaq üçün tədbirlər görür. Ölkədə bu cür halların öncədən aşkarlanmasının şahidi oluruq. Bu, sevindirici haldır”.

Safura Bənnayeva
Globalinfo.az