Mişelin açıqlaması – onu necə anlamalı?

Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri NikolP aşinyan ilə üçtərəfli görüşün yekunlarına dair açıqlama verib.

Şarl Mişelin açıqlamasından hansı vacib məqamları fərqləndirmək olar? Sıralamağa çalışaq:

-Danışıqlar zamanı erməni tərəfi müəyyən israrlarda bulunsa da o israrlar (məsələn, onlara sərf edəcəyini düşündükləri xəritəyə istinad) qəbul olunmadı. Sonucda Mişelin açıqlamasında ancaq Almatı Bəyannaməsinə istinad var. Həmin Almatı Bəyannaməsində isə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu yazılıb;

-Ermənistan Azərbaycanın ən azı 86.600 kvadrat km ərazisini tanımaqla Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən və açıq şəkildə tanıyıb;

-Mişelin açıqlamasının mətnində Laçın yolu ilə bağlı heç nə vurğulanmır. (Nəzərə alaq ki, Avropa Birliyinin evsahibliyi ilə keçirilən son görüşdən sonra ən önəmli gəlişmələrin başında Azərbaycan-Ermənistan dövlət sərhəddinin #Laçın rayonuna giriş hissəsində Azərbaycanın nəzarət-buraxılış məntəqəsi qoyması gəlir). Yəni bunun çox aydın anlamı odur ki, yeni gerçəkliklər beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilir;

-Mişel yalnız Qarabağ ermənilərinin “hüquqları və təhlükəsizliyi”ndən, rəsmi Bakının bu qrup insanla açıq dialoqundan danışır. Bəs bu nə deməkdir? – Yəni hər hansı bir statusdan, hətta beynəlxalq mexanizmlərdən söhbət gedə bilməz;

-Zəngəzur dəhlizinin dəmir yolu hissəsinin açılması ilə bağlı irəliləyiş var. – Açıqlamada vurğulanır;

– Mişelin elan etdiyi “məhbusların mübadiləsi” ya ikiyə iki olacaq, ya da heç olmayacaq! Bakının mövqeyi bəllidir;

– Danışıqlar zamanı rəsmi Bakı Azərbaycan ərazilərinin minalanması və Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi mövzusunu fəal şəkildə qaldırdı. Bu məsələ ilə bağlı dialoq davam etdiriləcək.
Bir sözlə, Brüssel sülh gündəliyinin bərpası, üçtərəfli görüşün sonuclarına dair açıqlaması Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsini ifadə edir.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər Qoşalı