Acınacaqlı iclas: Mirzoyan Bakını tənqid edir, müsəlman nazirlər susur

“Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Misirin paytaxtı Qahirədə Ərəb Dövlətləri Liqası Şurasının nazirlər səviyyəsində keçirilən iclasında iştirak edib. Ararat Mirzoyan ərəb dövlətlərinin nazirləri qarşısında Azərbaycan əleyhinə çıxış edib, Ermənistanın müsəlman aləmi ilə sıx əlaqələrindən danışıb”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, ərəb nazirlərdən heç biri Mirzoyana sual verməyib ki, Ermənistan İslam dininə bu qədər hörmət edirsə, Qarabağdakı məscidləri niyə dağıdıb:

“Başqa suallar da aktualdır: Ərəb Dövlətləri Liqasının xarici işlər nazirlərinin toplantısına xristian Ermənistan dəvət olunduğu halda müsəlman Azərbaycan niyə dəvət olunmayıb? Axı ərəb dövlətləri arasında Azərbaycanı “dost və tərəfdaş” adlandıranlar az deyil.

Misal üçün Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə Toplantısı 2022-ci ilin noyabrın 1-də Əlcəzairdə keçirilmişdi. Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Toplantısına ev sahibliyi edən Əlcəzair Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində fəxri qonaq statusunda iştirak etmişdi. İlham Əliyev Zirvə Toplantısındakı çıxışında Ermənistanın işğalçı siyasəti barədə məlumat vermişdi.

Misir ev yiyəsi kimi Ararat Mirzoyanı toplantıya dəvət etdiyi halda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu niyə dəvət etməyib? Axı Misirin prezidenti Əbdülfəttah Əs-Sisi yanvar ayının sonunda Azərbaycana səfər etmişdi.

Doğrudur, Ceyhun Bayramov fevralın 12-də Qahirəyə işgüzar səfər edib və orada Qoşulmama Hərəkatının sədri qismində Ərəb Dövlətləri Liqasının “Qüds şəhəri və onun əhalisinə dəstək” mövzusunda beynəlxalq konfransda iştirak edib. Ancaq Ərəb Dövlətləri Liqasının xarici işlər nazirlərinin toplantısında iştirak da vacibdir. Azərbaycanla Ermənistan arasında informasiya savaşı da gedir. Ermənistan harada mümkündür, Azərbaycan əleyhinə təbliğat aparır, dezinformasiyalar yayır”.

Turan Rzayev
Globalifno.az