Erməni naziri döyüb, Paşinyanı qarət edənlərdən xəbər var

Ermənistan Milli Təhlükəsizlik Xidməti Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli bəyanatın imzalanması zamanı – 2020-ci il noyabrın 10-na keçən gecə İrəvanda baş vermiş iğtişaşların iki iştirakçısını həbs edib.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, cinayət işi çərçivəsində Ermənistan vətəndaşları T.P. və A.B.-yə qarşı ittiham irəli sürülüb. Onların tam adları açıqlanmayıb. Hər iki şəxs kütləvi iğtişaşlarda iştirakda və baş nazir Nikol Paşinyanın iqamətgahına qanunsuz daxil olmaqda itəqsirləndirilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının verdiyi məlumata görə, A.B. parlamentin o vaxtkı spikeri Ararat Mirzoyanın döyülməsində də iştirak edib, buna görə də sonuncu huşsuz vəziyyətdə xəstəxanaya aparılıb.

T.P. iğtişaşlarda iştirak etməklə yanaşı, hökumət başçısının iqamətgahından 3,9 milyon dram (təxminən 9,8 min dollar) dəyərində qızıl-zinət əşyaları oğurlamaqda da ittiham olunur. Oğurlanan zinət əşyaları baş nazirin həyat yoldaşı Anna Akopyana məxsus olub, bunlar qızıl saat, zəncir, medalyon və bilərzikdir. Oğru daha sonra zinət əşyalarını Fast Credit kredit təşkilatının iki filialında girov qoyub.

Daxil olan məlumatlar əsasında hər iki şəxsə qarşı ittiham irəli sürülüb, məhkəmə onları iki ay müddətinə həbs edib.

Qeyd edək ki, 2020-ci il noyabrın 10-na keçən gecə Ermənistanın baş nazirinin Qarabağla bağlı üçtərəfli bəyanat imzalaması xəbərindən sonra İrəvanda dərhal etiraz aksiyaları başlayıb.

Etiraz aksiyası hökumətin yaxınlığında keçirilib, etirazçılar binaya soxulub, Paşinyanın ofisini dağıdıb və dövlət rəmzlərini götürüblər. Daha sonra parlamentə keçiblər və orada spiker Ararat Mirzoyanı döyüblər. Nəticədə o yaralanıb və əməliyyat olunub. Etirazçılar hökumətin bağ evlərinə də daxil olublar.