Mirşahin həbsdəki jurnalistlərdən yazdı: “Azadlıqda olmalıdırlar, amma…”

Real TV-nin rəhbəri Mirşahin Ağayev bu günlərdə həbs olunan Abzas.net saytının direktoru Ülvi Həsənli və onun əməkdaşı Sevinc Vaqifqızı haqqında özünün sosial şəbəkə hesabında yazı paylaşıb.

Globalinfo.az həmin yazını təqdim edir:

“…əlbəttə ağırdır, ağrılıdır və mən də hesab edirəm ki, bu gənclər həbsxanada yox, azadlıqda, cəmiyyətimizin xidmətində olmalıdır. Amma! Amma gənclərimiz səhvlərdən də, xətalardan da sığortalanmayıb. Onların müxtəlif qüvvələrin təsiri altına düşmə riskləri böyükdür. (Qaragüruh cahiliyyəsinin qidalandığı zümrə də gənclərə, yeniyetmələrə bel bağlayır) Bu gün zindanda olanlarln heç biri körpə çağında həbsxanaya düşməyi özünə arzulamayıb. Amma düşüblər, içəridədirlər(… Yəni həbsdədirıər! Deməli Sevinc də, Ülvi də nəzəri cəhətdən səhv, xəta, hətta cinayət edə və həbs oluna bilər… nəzəri cəhətdən! Bizim fakültəni bitirməyin mətləbə yəqin ki az dəxli var. Çünki Azərbaycana qarşı çox böyük informasiya təxribatı aparan Sevinc Mirzəyeva Osmanqızı da BDU-nun Jurnalistika fakültəsini bitirib.

Hansı antiAzərbaycan oyunlarında iştirak edir, görürsünüz yəqin. Tək-tük başqa belə məzunlarımız da var. Abzas-la bağlı məni bir jurnalist olaraq ən çox narahat edən əsas sual budur: bu sayt hansı mənbə hesabına fəaliyyət göstərir? Bir vətəndaş kimi isə məni maraqlandıran əsas məsələ, bu saytın fəaliyyətinin Dövlətin Qarabağda qazandığı tarixi uğura səhlənkarcasına etinasız yanaşması, hər yerdə qara-qura axtarmasının sırf psixoloji mənşəyidir. O vəsaiti hansı dövlət, hansı fond, hansı qurum Azərbaycana qarşı buraxıb? Niyə? Dövlətdən, hüquq-mühafizə orqanlarından da gözlədiyim var: təfərrüatıı araşdırma! Ədalətli yanaşma. Humanizmə əsaslanan tənbeh. Amma prinsipial! “Allah qapısını açsın!” tipli alxışlardan uzağam, xarakterimə bələdsiniz.

Layiqdirlərsə, Dövlət, Qanun açsın qapılarını! Cəza veriləcəyi təqdirdə, Ülvi də, Sevinc də nəticə çıxarsın, layiqli gələcək qurucuları, layiqli rifah iştirakçıları olsunlar!

Bu qədər.”