MİQ-lə bağlı yeni qərar etiraz doğurdu – Ekspertlərdən reaksiya

“MİQ müsabiqəsinə edilən dəyişikliklərdən çox, imtahan mərhələsindəki təşkilatçılıqla bağlı problemlər var”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında sabiq millət vəkili, tanınmış pedaqoq Sona Əliyeva MİQ müsabiqəsində səhvlərin düzgün cavablara təsiri ilə bağlı qəbul edilmiş qərar haqda danışarkən deyib.

O, müəllimlə tələbə arasında fərq qoyulmasının tərəfdarı olduğunu bildirib:

“Qaydaları tərtib etmək çox asandır, amma onları yerinə yetirmək, prosesi uyğun şəkildə aparmaq məsələsində ciddi problem var. Ona görə də ilk növbədə buna diqqət yetirmək lazımdır.

Digər tərəfdən “səhv düzü aparır” məsələsi universitetə qəbul imtahanına bənzəyir. Müəllimlər ali təhsilli insanlardır, fikrimcə, onlarla abituriyentlər, tələbələr arasında fərq qoyulmalı idi. Düşünürəm ki, bu dəyişiklik elə də vacib deyil və olmaya bilərdi”.

Təhsil eksperti Elçin Əfəndi səhv cavabın doğru cavaba təsirinin tərəfdarı olmadığını deyib:

“Səhv cavabların düzgün cavaba təsirinin təkcə müəllimlərin işə qəbulu üzrə deyil, abituriyentlərin də imtahanlarında tətbiqi doğru yanaşma deyil. Namizədin konkret səhvi onun doğru cavabını əlindən almamalıdır. Burada ədalət prinsipi pozulmuş olur”.

Qeyd edək ki, MİQ müsabiqəsinin imtahan mərhələsində səhv cavabların doğru cavablara təsiri qaydası tətbiq edilib.

Zaira Akifqızı
Globalinfo.az