Minsk təşvişdə: Belarus üçün həlledici vaxt yaxınlaşır

“Rusiyanın rəsmi Minskə Ukraynadakı müharibəyə qoşulması üçün etdiyi təzyiq cəhdləri Belarus ordusunda daxili çəkişmələrə səbəb ola bilər. Belarus Sərhəd Xidməti və Belarus Silahlı Qüvvələrinin əsgərləri bu ölkənin Ukraynada müharibəyə girməsi təhlükəsi səbəbindən Minsk hərbi-siyasi rəhbərliyinin fəaliyyətindən getdikcə daha çox narazılıq edirlər”.

Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Kənan Novruzov deyib.

Onun sözlərinə görə, Rusiyanın təzyiqləri Belarus hərbçiləri arasında narahatlıq yarada bilər:

“Belarus Prezidenti Aleksandr Lukaşenko müharibəyə qoşulmaq istəmir. Bunu təsdiqləyən daxili amillər var. Ona görə də Belarusun Ukraynadakı müharibəyə qoşulmaq ehtimalı çox azdır.

Belarus bu və ya digər formada müharibədə iştirak edir. Hər halda Rusiyanın Belarus ərazisindən istifadə etməsi istisna deyil. Lakin savaşda Belarus ordusunun iştirak etməsi hələ ki ağlabatan görünmür. Hətta belə bir fakt varsa belə, nə Moskva, nə də Minsk bunu ictimailəşdirməkdə maraqlıdır.

Rusiya Qərblə mübarizə aparmaqla yanaşı, həm də sanksiyalar altında boğulur. Belarus başa düşür ki, müharibəyə birbaşa qoşulsa, onu da eyni aqibət gözləyir.

Digər tərəfdən, Lukaşenko Rusiyanın təzyiqlərindən qorxur. Belə bir durumda Minsk Moskvaya minimal dəstək verməklə öz təhlükəsizliyini təmin etməyə çalışmalıdır. Və görünür, Belarus hələ ki bunu bacarır”.

Ekspertin sözlərinə görə, Belarusun birbaşa müharibəyə qoşulması daxili ictimaiyyət üçün də arzuolunan deyil:

“Hakimiyyət bunu nəzərə alır. Lukaşenko bilir ki, canlı qüvvə ilə savaşa dəstək verərsə, gələcəkdə xalq ayağa qalxa, iqtidara etiraz edə bilər. Buna görə də ehtiyatlı addım atır.

Müharibənin yaxın vaxtlarda başa çatacağı ağlabatan görünmür. Bütün məqamlara əsasən deyə bilərik ki, savaş uzun müddət davam edəcək. Və hər ötən gün Belarusun iştirak ehtimalını artırır. Bu isə Belarus ordusunda, cəmiyyətində narazılığın güclənməsinə şərait yaradır.

Beləliklə, Belarusu çətin günlər gözləyir. Məhz Rusiyanın təzyiqləri və Ukraynadakı savaşla əlaqədar gələcəkdə Belarusda daxili xaotik durumun formalaşması gözləniləndir. Təbii ki, bu, Qərbin də ürəyincədir”.

Turan Rzayev
Globalinfo.az