Son bir həftə ərzində Avropada həddindən artıq istilər səbəbindən 1300-dən çox insan ölüb.
Globalinfo.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
“İstiliyi “səssiz qatil” adlandırırlar. Avropanın evləri, iş yerləri və məktəbləri bu cür temperatur üçün nəzərdə tutulmayıb”, – deyə o yazıb.
ÜST rəhbəri qeyd edib ki, Avropa Yer kürəsində ən sürətli istiləşmənin baş verdiyi qitədir:
“Temperaturun artım sürəti qlobal orta göstəricidən iki dəfə çoxdur. Hazırda 150 milyon insan həddindən artıq istidən əziyyət çəkir. Yüzlərlə insan ölüb, məktəblər bağlanıb və enerji sistemləri öz həddində işləyir”.
ÜST Avropa ölkələrini əhali sağlamlığını iqlim dəyişikliyinin təsirlərindən qorumaq üçün daha geniş bir planın bir hissəsi olaraq istiliklə əlaqəli sağlamlıq fəaliyyət planlarını həyata keçirməyə çağırıb.
Qeyd edək ki, iyun ayının ortalarında Avropada anormal isti hava şəraiti hökm sürür. Bir sıra ölkələrdə havanın temperaturu 40 dərəcəyə yaxınlaşır, bəzi yerlərdə isə hətta onu keçib. Ən yüksək hava təhlükəsi səviyyəsi olan qırmızı səviyyə Fransa, Böyük Britaniya, Hollandiya və İtaliyada müəyyən edilib.
Əliyar Xəlil
Globalinfo.az