Mingəçevir məktəbində istilik yoxdur? – Rəsmi cavab

Ötən gün sosial media hesablarında Mingəçevir şəhər 20 nömrəli tam orta məktəbdə istilik sistemində texniki nasazlığın yaranması ilə əlaqədar şagirdlərin sinif otaqlarında üst gödəkçədə əyləşməsi ilə bağlı görüntülər yayımlanıb.

Globalinfo.az-ın xəbərinə görə, Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, Mingəçevir şəhər 20 nömrəli tam orta məktəbdə dekabrın 21-də ilk olaraq su xəttinda sızmaların baş verməsi, daha sonra elektrik sistemində transformatorun sıradan çıxması səbəbindən istilik sisteminin verilməsində problem yaranıb. Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin yerli bölməsinin əməkdaşları tərəfindən məktəbə baxış keçirilib və sözügedən problemin ən qısa zamanda aradan qaldırılması ilə bağlı müvafiq işlər görülüb, artıq istiliyin verilməsi bərpa olunub.

Qeyd olunub ki, cari tədris ilindən Mingəçevir şəhər 20 nömrəli tam orta məktəbi fərdi qazanxanası olmaqla, qazla qızdırılır.