“Minaaxtaran” elanı ilə bağlı RƏSMİ AÇIQLAMA


Bir neçə gündür sosial şəbəkələrdə paylaşılan “Minaaxtaran, təcrübəçi” elanı ciddi müzakirələrə səbəb olub. Dövlət Məşğulluq Agentliyinin saytında yerləşdirildiyi göstərilən elanda ödəniş məbləğinin 360 manat qeyd edilməsi, məcburi köçkün statusuna sahib olanlara üstünlük veriləcəyinin bildirilməsi, “təcrübəçi” anlayışından istifadə edilməsi və əlavə tələblərin olmaması tənqidlə qarşılanıb.

Məsələ ilə bağlı Dövlət Məşğulluq Agentliyindən Globalinfo.az-a bildirilib ki, vakansiyaya dair tələblər və əməkhaqqı işəgötürən tərəfindən müəyyənləşdirilir. Agentlik bura hər hansı şəkildə müdaxilə edə bilmir. Namizədlər də birbaşa müəssisə tərəfindən seçilir.

Sözügedən vakansiyanı verən müəssisə qismində adı elanda qeyd olunan “QAYA Safety Solutions” MMC-nin Globalinfo.az-a açıqlamasında məsələyə aydınlıq gətirilib:

“Bildirmək istəyirik ki, “Qaya Safety Solutions” MMC Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi sahəsi üzrə fəaliyyət göstərir. “Minaaxtaran” peşəsinə yiyələnmədən öncə namizəd bir ay müddətinə kursda tədrisə cəlb olunur, imtahanlardan keçir, daha sonra ANAMA tərəfindən akkreditasiya olaraq ona sertifikat təqdim edilir, son nəticədə işə qəbul olunur. Namizədlər Dövlət Məşğulluq Agentliyi vasitəsi ilə axtarılır. Kurs müddətində Cəbrayıl rayonu ərazisinə daxil olmaları üçün əmək müqaviləsi tələb olunması və namizədə bu müddətdə maddi dəstək göstərilməsi məqsədilə minimum əməkhaqqı ödənilir”.


Sözügedən elan

Şirkətdən verilən məlumata görə, namizədlər ilk olaraq kurslara cəlb edilir və işəqəbuldan öncə bir sıra prosedurlardan keçirilirlər:

““Minaaxtaran” peşəsi üzrə təşkil olunan kursda namizədlərə bu peşənin sirlərini öyrətmək üçün “Minaaxtaran, təcrübəçi” olaraq nəzəri biliklər tədris edilir və praktiki məşğələlər aparılır. Tədris müddəti bitdikdən, imtahanları uğurla başa vurduqdan və akkreditasiyadan keçdikdən sonra həmin şəxslər işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi sahəsi üzrə əmək fəaliyyətinə “Minaaxtaran” olaraq başlayırlar. Aylıq əmək haqqı 750-900 azn (keçən il 600-900 AZN ) olaraq təyin edilir. Namizəd gün ərzində 3 dəfə yeməklə və uniforma ilə təmin olunur. Qeyd etmək istəyirik ki, “Minaaxtaran, təcrübəçi” təlim müddəti ərzində heç bir işə cəlb edilmir, sahəyə buraxılmır və yalnız təlimlərdə iştirak edir.
Hərbi xidmət keçməyənlər işə qəbul olunmur, şirkətə sağlamlıq haqqında arayış təqdim edilməlidir. Tibbi və psixoloji vəziyyəti tam sağlam olanlar işə götürülür. İşə qəbul olunmadan öncə bütün namizədlər şirkət hesabına tam tibbi yoxlanışdan və narkoloji testdən keçirilirlər”.

Bildirilib ki, sözügedən elan müəssisə tərəfindən verilməyib, həmin vəzifə üçün tələblər isə konkretdir:

“Dövlət Məşğulluq Agentliyinin saytında verilən elan bizim tərəfimizdən tərtib olunmamışdır. Sözügedən elanda kurs olduğunun açıqlanmaması isə səhv anlaşılmaya səbəb olub. Məcburi köçkünlərə üstünlük verilməsi də bizim tərəfimizdən qeyd edilməyib. Minaxtaranın yaşadığı yerin bizim üçün əhəmiyyəti yoxdur, çünki bütün minaaxtaranlar istirahət günlərində Bakı, Bərdə, Tərtər, Gəncə, Mingəçevir, Ağdam rayonlarına getmələri üçün şirkətin xidməti nəqliyyat ilə təmin olunurlar. Əlavə olaraq eyni saytda “Minaaxtaran” elanında maaş miqdarını görə bilərsiniz.
Namizədlərlə bağlı tələblərimiz aşağıdakı kimidir:
– Komanda ruhu, ünsiyyət, münasibətlərin qurulması, təşkilatın missiyasına sadiqlik;
– İxtisas tələbləri: ümumi iş stajı minimum 2 il (ümumi sahə üzrə);
– Açıq sahə şəraitinə işləməyə fiziki hazır olmalı;
– Yaş tələbi: 23-40;
– Tam sağlam olmaq;
– Psixoloji durumu tam sağlam olmalı;
– Hərbi xidmət keçmək;
– Hərbi xidmətdə istehkamçı vəzifəsində olan namizədlərə üstünlük veriləcək”.


Şirkətin elanı

Ayşən Mustafa
Globalinfo.az