“Azərbaycanda 4 milyona yaxın insan icbari tibbi sığorta mexanizmindən kənarda qalacaq”.
Globalinfo.az xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev deyib.
O, sözügedən şəxslərin siyahısını qeyd edib:
“Birincisi, əmək müqaviləsi və mülki-hüquqi xarakterli müqavilələrlə işləməyən, sahibkar kimi qeydiyyatda olmayan əmək qabiliyyətli yaşda (15-65 yaş) əhali, başqa yerdə rəsmi ödənişli olmayan, adına pay torpağı olan, lakin bələdiyyələrdə ailə kəndli təsərrüfatı kimi uçota alınmayan əmək qabiliyyətli yaşda əmək qabiliyyətli yaşda əhali. Bu əhali kateqoriyasının sayı 3 milyon nəfərə yaxındır.
İkincisi, müxtləlif səbəblərə işçi qüvvəsinə daxil olmayan əmək qabiliyyətli yaşda sağlam əhali. Bura ev işlərini yerinə yetirən, ailə üzvlərinə qulluq edən evdar qadınlar, iş tapmağa ümidini itirdiiy üçün rəsmi kanallarla iş axtarmağı dayandıran və işsiz kimi qeydiyyatdan keçməyən insanlar daxildir. Bu əhali qruplarına isə 1 milyon nəfərə yaxın insan daxildir.
Deməli, universal tibbi sığorta modelindən imtina az qala ölkə əhalisinin 40%-ni dövlət hesabına tibbi sığorta almaq imkanından məhrum edir”.
İqtisadçı icbari tibbi sığorta ilə bağlı region ölkələrindəki vəziyyətdən də söz açıb.
“Gürcüstanda universal modeldir. Yəni məşğulluq statusundan və sığorta ödəmələrindən asılı olmayaraq bütün vətəndaşlar tibbi sığorta alır. Türkiyədə də bizdəki kimi qeyri-formal məşğul olanlar üçün özlərini sığorta etdirmələri tələbi var. Yəni rəsmi gəliri olmayan və tibbi sığorta ödəməyən şəxslər özlərini sığortalatmalıdırlar.
Amma burda çox vacib bir detal var: gəlirlərin yoxlanması sistemi adambaşına gəlir səviyyəsinə əsasən ailələr yoxsul kateqoriyasına aid edilirsə, bu şəxslərin tibbi sığortasını dövlət subsidiyalaşdırır. Ən son məlumata görə, əhalinin təxminən 15%-nin bu imtiyazdan yararlandığı deyilir. Türkiyədə qeyri-formal sektorun payı da Azərbaycandan az qala 2 dəfə aşağıdır. Ona görə də həm özlərinin, həm də dövlət hesabına sığortalanan əhali ümumi əhalinin 85%-nə yaxındır. Yəni Türkiyədə universal model olmasa da, sistem daha inklüzivdir”.
Günel Cəlil
Globalinfo.az