Milli Şura Bakının ən sıx yerində mitinq qərarı verdi – Hökumətin cavabı…

Milli Şura (MŞ) və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) 21 aprel tarixinə mitinq təyin edib. Məlumata görə, mitinqin keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə üç məkan təklif ediləcək: “28 May” meydanı, “Nəriman Nərimanov” metrostansiyasının qarşısındakı meydan və “Məhsul” stadionu.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, mitinqin keçirilməsi üçün düşünülən yerlərdə insanlar sıxlıq təşkil edir:

“Bu mitinq insanların istirahət hüququnun, təhlükəsizliyinin və asayişin pozulmasına səbəb olur. Ona görə də bu məsələlərlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin mövqeyi məlumdur”.

Deputatın fikrincə, mitinq üçün Qaradağ rayonundan yer ayrılıb:

Elman Nəsirov

“Qaradağ ərazi baxımdan Bakının ən böyük rayonudur. Burada problem həmin şəxslərin sosial bazalarının olmamasıdır. Bu əraziyə çox insanın getməyəcəyini düşünürlər. Ona görə də şəhərdə əhalinin və nəqliyyatın daha sıx olduğu ərazilərdə mitinq keçirmək istəyirlər. Beləliklə çəkib paylaşdıqları şəkillə guya mitinqdə minlərlə insanın iştirak etdiyini göstərmiş olacaqlar”.

Elman Nəsirov qeyd edib ki, sözügedən şəxslərin istəklərinin real əsasları yoxdur:

“Azərbaycan hökuməti sərbəst toplaşmaq haqqında qanunun tələblərinə hörmətlə yanaşır. AXCP və MŞ-nin onminlərlə tərəfdaşı olsaydı, nəinki Qaradağ rayonu, dünyanın istənilən ərazisində mitinq keçirərdilər”.

Safura Bənnayeva
Globalinfo.az