Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə “Dövlətin rəqəmsal inkişaf siyasəti və QHT-lərin bu prosesə dəstəyi” mövzusunda ictimai müzakirə keçirilib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, ictimai müzakirədə Azərbaycanın rəqəmsal inkişaf strategiyası, qarşıda duran prioritetlər və vətəndaş cəmiyyətinin bu prosesdə rolu ətrafında geniş fikir mübadiləsi aparılıb, bir sıra təkliflər səsləndirilib.
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli bildirib ki, Azərbaycanda rəqəmsal inkişaf dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin rəqəmsal transformasiya strategiyasının uğurla həyata keçirilməsi məqsədilə mühüm addımlar atılıb, strateji sənədlər qəbul olunub, institusional mexanizmlər formalaşdırılıb və zəruri resurslar səfərbər edilib. İyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasında növbəti üç il üzrə Rəqəmsal İnkişaf Fəaliyyət Planının icrası müzakirə olunub və aidiyyəti qurumlara mühüm tapşırıqlar verilib. Rəqəmsal inkişaf strategiyasından irəli gələn vəzifələrin uğurla həyata keçirilməsində vətəndaş cəmiyyəti institutlarının fəal iştirakı mühüm əhəmiyyət daşıyır. Aparılan islahatlara ictimai dəstəyin gücləndirilməsi vacibdir”.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Strateji planlama və portfellərin idarə edilməsi departamentinin rəhbəri Aygün Əliyeva ölkədə rəqəmsal inkişaf strategiyası və qarşıdakı hədəflər barədə məlumat verib: “Məqsəd yalnız yeni texnologiyaların tətbiqi deyil, eyni zamanda ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması və yerli “startap” ekosisteminin inkişaf etdirilməsidir. Dövlət xidmətləri daha inteqrasiya olunmuş, təhlükəsiz və vətəndaşlarla biznes subyektlərinin ehtiyacları əsasında formalaşdırılacaq. Davamlı rəqəmsal transformasiyanın təmin edilməsi üçün rəqəmsal bacarıqların inkişafı diqqət mərkəzində saxlanılacaq, hər bir rəqəmsal təşəbbüsün əsas komponentlərindən biri kibertəhlükəsizlik və etibarlılıq olacaq. Eyni zamanda xidmətlərin keyfiyyətinin və ictimai dəyərinin artırılması məqsədilə məlumatlardan və istifadəçi rəylərindən geniş istifadə ediləcək.
Dövlət xidmətlərinin rəqəmsallaşdırılması prosesində QHT-lər maarifləndirmə və məlumatlandırma fəaliyyətində mühüm rol oynayır. Vətəndaş cəmiyyəti təşkilatları rəqəmsal xidmətlərin təşviqi və elektron hökumət imkanlarının cəmiyyətə çatdırılmasında mühüm tərəfdaş ola bilərlər”.
Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz bildirib ki, rəqəmsal transformasiyada vətəndaş cəmiyyətinin fəal iştirakı, ictimai dəstək və proaktiv yanaşma mühüm məqamlardır: “Hazırda elektron hökumət infrastrukturunun təkmilləşdirilməsi, dövlət xidmətlərinin vahid rəqəmsal platformalara inteqrasiyası, süni intellekt texnologiyalarının tətbiqi və kibertəhlükəsizlik sisteminin gücləndirilməsi istiqamətində ardıcıl strateji addımlar atılır. QHT-lər dövlətin rəqəmsal gündəliyinə ictimai dəstəyi gücləndirməli, rəqəmsal xidmətlərdən istifadə ilə bağlı maarifləndirmə kampaniyaları keçirməli, elektron hökumət mexanizmlərini təşviq etməli, rəqəmsal hüquqların müdafiəsi, şəxsi məlumatların qorunması və kiber gigiyena qaydaları barədə ictimaiyyəti məlumatlandırmalıdır. Bununla yanaşı, vətəndaşların ehtiyac və təkliflərinin dövlət siyasəti və strateji sənədlərdə əks olunmasına töhfə verilməsi də vətəndaş cəmiyyətinin mühüm missiyalarından biridir”.
İctimai müzakirədə rəqəmsal inkişaf sahəsində dövlət siyasətinə ictimai dəstəyin daha da gücləndirilməsi, QHT-lərin rəqəmsal transformasiya prosesində iştirak imkanlarının genişləndirilməsi və bu istiqamətdə institusional əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.