milli meclis esas 900x553 1

Milli Məclisinin Avropa Parlamenti haqqında qərarı elan edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə parlamentin iclasında məlumat verilib.

“Təəssüflər olsun ki, Avropa Parlamentinin qeyd olunan prinsipləri işarə edən destruktiv mövqeyi bu qurumla ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişafı qarşısında başlıca maneə çevrilib. Avropa Parlamentinin fəaliyyətinin mahiyyətində beynəlxalq hüququn norma və prinsiplərinin, ədalət anlayışının qəti surətdə əks etdirilməsi dayanır.

Milli Məclis məhz bu səbəblərə görə 2015-ci ildə Avropa Parlamenti ilə bütün əlaqələri dayandırmışdı. Lakin qarşı tərəfin çoxsaylı müraciətləri və verdiyi vədlər nəzərə alınaraq əməkdaşlıq sonradan yenidən bərpa edilmişdi. Buna baxmayaraq, Avropa Parlamenti öhdəliklərinə əməl etməyib, anti-Azərbaycan siyasətini və qarayaxma kampaniyasını davam etdirib.

Prezidenti İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra isə Avropa Parlamentinin bu qərəzli fəaliyyəti daha da intensiv xarakter alıb.

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən sülh gündəliyinin, onun siyasi iradəsi və qətiyyəti sayəsində uğurla həyata keçirilməsi, həmçinin əldə olunan beynəlxalq razılaşmalar dövlət başçısının sülhə, əməkdaşlığa və tərəqqiyə xidmət edən fəaliyyətinin beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir. Lakin bu reallıqlar Avropa Parlamentinin anti-Azərbaycan ritorikasının daha da sərtləşməsinə səbəb olub.

Təkcə onu qeyd etmək kifayətdir ki, 44 günlük Vətən müharibəsindən sonra Avropa Parlamenti Azərbaycan əleyhinə saxta məlumatlar, əsassız iddialar və qərəzli ittihamlar əks etdirən ondan artıq qətnamə qəbul edib.

Eyni zamanda, COP29 ərəfəsində və tədbirin keçirildiyi dövrdə Avropa Parlamentinin Azərbaycana qarşı hücumlarda əsas alətlərdən biri kimi istifadə olunması da diqqətdən kənarda qalmamalıdır.

Bu gün demokratik dəyərlərin ciddi sınaq qarşısında qaldığı, korrupsiya və rüşvət qalmaqallarının Avropa təsisatlarında dərin kök saldığı bir şəraitdə, Avropa Parlamentinin bu cür qərəzli və qeyri-obyektiv yanaşması xüsusi narahatlıq doğurur.

Bütün bunlar Avropa Parlamenti ilə əməkdaşlığın məqsədəuyğunluğunu ciddi şəkildə şübhə altına alır.

Qeyd olunanları nəzərə alaraq, Milli Məclis Konstitusiyanın 95-ci maddəsinin üçüncü hissəsini rəhbər tutaraq qərara alır:

1. Milli Məclisin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılsın.

2. Milli Məclisinin Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakı dayandırılsın.

3. Avronest Parlament Assambleyasının nizamnaməsinə uyğun olaraq, Milli Məclisin bu təşkilata üzvlüyünə xitam verilməsi ilə bağlı prosedurlara başlanılsın və həmin prosedur müddətində Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambleyasının tədbirlərində iştirak etməsin”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: