Milli Məclisdə tıxac və parklanma problemi qaldırıldı

“Bakıda parklanma və tıxac problemi yaşanır”.

Globalinfo.az bildirir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əvvəllər vətəndaşlar parklanma üçün gün ərzində 1-2 manat ödəyirdisə, indi 8-10 manat ödəməli olurlar: “Avtomobili saxlamaq üçün yer tapa bilməyən vətəndaşlar isə maşınları binaların həyətlərində saxlayırlar. Bu da bina sakinlərinə əlavə problemlər yaradır. Hesab edirəm ki, gələcəkdə aidiyyəti qurumlarla ictimai dinləmələr keçirə və problemlərin həlli üçün işlər görə bilərik”.

Deputat parklanma yerlərində elektromobillərin doldurulması üçün məntəqələrin yaradılmasını da təklif edib.