Millət vəkilindən sərt ittihamlar: “Biabırçılıqdır, Rəşad Dağlı qədər hörmətləri yoxdur”

Millət vəkili Razi Nurullayevin Globalinfo.az-a müsahibəsini təqdim edirik:

– Razi bəy, yaxın günlərdə Milli Məclisdə büdcə müzakirələri keçirildi. Bu müzakirələrin sosialyönlü hissəsindən razısınızmı?

– Biz hər il büdcənin sosialyönlü olduğunu deyirik. Bu dəfə də 6 milyarddan artıq vəsait sosial məsələlərə istiqamətləndirildi. Düzdür, əvvəlki illərə nisbətdə böyük rəqəmdir, amma rəqəm böyük olsa da, əhalinin sayı da çoxdur. Həmin məbləğ bölünəndə insanların normal yaşayışı üçün kifayət edəcək bir məbləğ ortaya çıxmır. Bugünkü bahalığı nəzərə alsaq, bir insanın aylıq gəliri 600 manat olsa belə, normal dolana bilmir. Çünki o pulun azı 200 manatı kommunal xərclərə sərf olunur. Ona görə də büdcə müzakirələrinin sosialyönlü hissəsi ilə razı deyiləm.

– Məşğulluq Agentliyinin işədüzəltmə xidməti barədə nə deyə bilərsiniz?

– Məşğulluq xidmətinin effektivliyi zəifdir. Bu layihə özünü doğrultmadı. İnsanlara normal qaydada şərait yaratmalı və işlə təmin etmək lazımdır. Təəssüf ki, bu il rayonlarda sosial işlərə cəlb olunan şəxslərin 50-60 faizi ixtisara salınıb.

– Bildiyimiz kimi, hazırda dünyada, eləcə də regionumuzda ciddi proseslər gedir. Bəzi müxalif partiyaların belə bir məqamda etiraz aksiyaları təşkil etməsinə münasibətiniz necədir?

– Ümumiyyətlə, mitinq fəlsəfəsi hazırda özünü doğrultmur. Mitinqə 50 min, hətta 100 min insan gələr və sözünü deyər. Amma biz görürük ki, ölkəmizdə bəzi müxaliflərin təşkil etdikləri mitinqə 30-40 nəfər gəlir. İnanın, orada olan jurnalistlərin sayı aksiyaçıların sayından çox olur. Əgər bir aksiyada jurnalistin sayı aksiya iştirakçılarının sayından çoxdursa, bu artıq biabırçılıqdır.

Yadımdadır ki, meyxanaçı Rəşad Dağlını məhkəmədən aparanda orada azı 5-6 min adam var idi. Müxalifətin aksiyasına isə 10-15 gün öncədən xahiş-minnətlə elan verib, insanları dəvət edirsən, amma heç 100 nəfər gəlmir. Lakin bir meyxanaçıya görə minlərlə insan dəvətsiz gəlir. Hələ bu adam qətl törədib belədir, gör, qətl törətməsə ora nə qədər adam toplaşardı. Əgər mitinq təşkil edən birinin meyxanaçı qədər hörməti yoxdursa, bu aksiyanı keçirməyə ehtiyac görmürəm.

– Bir müddət əvvəl siz builki Dünya Çempionatında Serbiya futbol komandasına azarkeşlik etməyinizi bu ölkənin hökumətinin Prezident İlham Əliyevə yüksək diqqəti ilə əlaqələndirdiniz. Bu statusunuz ətrafında maraqlı müzakirələr oldu. Müxalif kəsimdən də bu paylaşıma reaksiya verənlər tapıldı…

– Bəli, mən Braziliya–Serbiya oyunu ilə bağlı status paylaşmışdım. Həmin günlərdə də Serbiya hökuməti Azərbaycan Prezidentini MİQ-29 təyyarələri ilə qəbul edib, yola salmışdı. Mən şəxsən fəxr etdim, çünki bu, Azərbaycana qoyulan hörmət idi. Mən dövlətimə, ölkəmə, millətimə qoyulan hörməti tərifləmişəm. İlham Əliyev bu gün İranı, Fransanı qarşısına alır. Kimin üçün edir? Azərbaycan üçün, xalqı qorumaq üçün! Biz də buna görə ölkə başçımızı müdafiə etməliyik.

Biz hər zaman Azərbaycan üçün, torpaqlarımızın azadlığı, müstəqilliyimiz və suverenliyimiz üçün canımızı qurban verməyə hazırıq. Bu gün İlham Əliyev həmin ideallar uğrunda canını sipər edir. O, 24 saat çalışır, mübarizə aparır. Bu mübarizənin müsbət nəticələrini saymaqla bitməz. Son yüz ildə torpaqlarımızı işğaldan azad edib qoruyan rəhbərimiz olmamışdı. Amma İlham Əliyev bunu etdi. İndi mən müxalif partiya sədriyəm deyə bunları görməli deyiləm? Mən İlham Əliyevi müdafiə etməklə həm də dövlətimizi, xalqımızı, Qarabağı müdafiə edirəm. Biz ölkə başçısının yanında olmalıyıq.

Zaira Akifqızı
Globalinfo.az