Millət vəkilindən sərt etiraz: “Əgər mən belə bir söz demişəmsə…”

“Sosial şəbəkələrdə mənim adımdan demədiyim sözlər yazıblar. Açığı bu məni sadəcə güldürdü. Mənim düşüncəm, təcrübəm, valideynlərimdən aldığım tərbiyə imkan verməz ki, elə deyim”.

Bunu adından sosial şəbəkələrdə yayılan “İnsanlar evdən çıxanda zibil atırlarsa, deməli, pis yaşamırlar” ifadəsinə münasibət bildirən millət vəkili Aydın Mirzəzadə Globalinfo.az-a açıqlamasında deyib.

Deputat bu tip paylaşımları bayağı adlandırıb:

“Təssüf ki, mənim adıma yaraşmayan bir sözü mənim adımdan yayırlar. İlk dəfə deyil ki, belə “xəbər” yayılır. Bilmirəm, bunu edən xaricdə yoxsa daxildədir,. Amma zamanla mənim adımdan demədiyim sözü yaymaqda davam edirlər”.

Deputat insanların əsassız xəbərə inandığı üçün təəssüf hissi keçirdiyini deyib:

“Əfsuslar olsun ki, insanlarımızın bir qismi buna inanıb reaksiya verməyə başlayır. Əvvəl dedilər ki, güya mən demişəm ki, Azərbaycanda həyat şəraiti Almaniyadan yüksəkdir. Sonra isə yazdılar ki, guya pensiyası kəsilən insanların aldıqları pulu dövlətə qaytarmalı olduğunu demişəm. İndi də bu zibil məsələsini ortaya atıblar . Bunu edən şəxs məqsədli şəkildə edir. Ən acısı da odur ki, inanan insanlar bu haqda harada dediyimi soruşmurlar. Əgər mən belə bir söz demişəmsə, mütləq video, səs, müsahibə və ya status paylaşımım olmalıdır. Bu dörd mənbədən biri də yoxdur. Mən o səviyyəyə düşüb belə bir fikir səsləndirmərəm!”

Zaira Akifqızı
Globalinfo.az