MİDA-nın su basan həyətləri ilə bağlı açıqlama – VİDEO

Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus Yasamal Yaşayış Kompleksində yaşayan sakinlər ərazidə kanalizasiya xətlərinin işləmədəyini deyirlər. 

Globalinfo.az-ın məlumatına görə, “Qafqazinfo”ya müraciət edən sakinlər bildirib ki, problem xüsusilə yağışlı havalarda özünü göstərir və havalar düzəlsə də, fəsadları qalır. Onların sözlərinə görə, kompleksin həyətində böyük gölməçələr əmələ gəlib: “Yağış zamanı piyadaların və avtomobillərin hərəkəti mümkünsüz olur. Ümumilikdə isə bir sıra infrastruktur obyektlərinə və avtomobillərə ziyan dəyib”.

Məsələ ilə bağlı MİDA-ya sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirilib ki, “Yasamal-1” və “Yasamal-2” yaşayış kompleksləri ərazisinin yaxınlığında, A.Şərifzadə küçəsində “Azərsu” ASC-nin balansında olan məişət və yağış kanalizasiya borularının tutulması və intensiv yağışların olması (ərazinin relyefi nəzərə alınmaqla) səbəbindən borulardan axan sular daşaraq kompleksin ərazisinə istiqamətlənib: “Kompleksin işçi heyəti operativ olaraq ehtiyat su nasoslarını tez bir zamanda işə salıb, bundan sonra “Azərsu” ASC-nin mühəndis və işçi heyətinə məişət və yağış kanalizasiya borularının təmizlənməsi və işlək vəziyyətə gətirilməsi üçün lazımi şərait yaradılıb. Nəticə etibarilə su basmanın qarşısı alınaraq fövqəladə vəziyyət aradan qaldırılıb”.