Meyxanaçılar narkotik ittihamları barədə nələr dedilər? – CAVABLAR

Son zamanlar ölkəmizdə narkotik istifadəçilərinin sayında kəskin artım olması sirr deyil. Onların arasında bəzi sənət adamları, meyxanaçılar da var. Hətta müəyyən tanınmış meyxanaçıların məhz bu səbəbdən vəfat etdikləri bildirilir. Doğrudanmı narkotik maddələr meyxanaçılar arasında kütləvi yayılıb?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan meyxanaçı Balabəy Ağayev deyib ki, narkotiki konkret bir sahə ilə əlaqələndirmək düzgün deyil:

“Hazırda bu bəladan kifayət qədər insan əziyyət çəkir. Sadəcə, sənət nümayəndələri üzdədir deyə, onları daha tez görürlər. Bu gün, az qala, hər on qapıdan birində narkotik istifadəçisi var. Bunu sırf meyxanaçılara şamil etmək doğru deyil. Bu bəla bütün dünyanı cənginə alıb”.

Mehman Əhmədli bildirib ki, bütün sahələrdə olduğu kimi, meyxana deyənlər arasında da narkotik istifadəçiləri var:

“Şəxsən mən nə siqarət çəkirəm, nə içki içirəm, nə də narkotikdən istifadə edirəm. Mənim kimi nə qədər meyxanaçı var ki, pis vərdişlərdən uzaqdırlar. Niyə yaxşıları demirlər, amma pis vərdişi bütün meyxanaçılara şamil edirlər? Bu, düzgün deyil”.

Namiq Məna da meyxanaçıların narkoman kimi qələmə verilməsinin yanlış olduğunu deyib:

“Təəssüf ki, cəmiyyətdə arzuolunmaz fikir formalaşıb. Amma meyxanaçıların arasında ibadət edən, ağlı başında olan insanlar da var. Sadəcə, sovet dönəmindən insanlarda belə bir fikir formalaşdırılıb ki, meyxanaçı spirtli içki və ya psixotrop dərmanlar qəbul etməsə, bu işlə məşğul ola bilməz. Bu, kökündən yanlış fikirdir. Elə istedadlı gənclər var ki, pis vərdişlərdən uzaqdır və öz istedadlarını büruzə verməyi bacarırlar”.

Cahangeşt Balaxanının sözlərinə görə, toylarda çıxış edən meyxanaçılar narkotikdən istifadə etmirlər:

“Mənim tanıdığım, gördüyüm, meydan bölüşdüyüm meyxanaçıların heç biri narkoman deyil”.

Kərim Abi isə qeyd edib ki, narkomaniya bütün ölkənin problemidir:

“Sadəcə, bu, meyxanaya sirayət edən zaman üzə çıxır. İnsanlar da görürlər ki, filan meyxanaçı narkotik istifadəçisidir, dərhal başlayırlar bütün meyxana deyənləri narkoman adlandırmağa. Demək olar ki, bu gün hər kəsin məhəlləsində narkomaniyadan əziyyət çəkən adam var.

Peşənin narkomaniyaya heç bir dəxli yoxdur. Narkoloji dispanserlər narkomaniyadan əziyyət çəkən insanlarla doludur. Gedib yoxlasaq, orada meyxanaçı tapmarıq. Meyxanaçıların hamısının narkoman olması haqda deyilənlər mifdir”.

Zaira Akifqızı
Globalinfo.az