“Yan xətdə” bayraq qaldırıldı: Bakı onları ofsayda saldı

“ABŞ proseslərin içərisində yer almaq üçün öncə ənənəvi siyasətinə istinad etdi. Münasibətlərin gərgin fazasında tamamilə kənarda dayandı. Arada suyu bulandırıcı addımlar atdı, bəyanatlar səsləndirdi”.

Bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin dünən keçirdiyi brifinqdə dediyi “Azərbaycan və Ermənistan danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edib” sözlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Vaşinqton da daxil olmaqla bölgəyə müdaxilə etmək gücü olan bütün kənar oyunçuları Bakı oyundankənar vəziyyətə saldı:

“Nə gizlin, nə də aşkar səpkidə maraqlarını diktə etmək üçün heç bir zəmin qalmadı. Onların əsəri olan separatizm ləğv edildi. Nə qədər təhrik etsələr də, sərhəddə toqquşma yaşanmadı.

Bu gün Qərb ciddi-cəhdlə sərhəddə eskalasiya bəhanəsinə sığınaraq Ermənistanda hərbi baza yaratmağa çalışır. Lakin bunun üçün faktiki heç bir əsas yoxdur. Çünki bu əsas separatizm idi. O da Bakının uğurlu addımları sayəsində aradan qalxdı.

Züriyə Qarayeva

Vaşinqton da anlayır ki, Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında gərginlik üzərindən var olmaq mümkünsüzdür. Ənənəvi yetişən vəziyyətdən paydaş olma siyasəti hazırda işə düşüb. Məqsəd isə sülh müqaviləsinin Vaşinqtonda imzalanması, ABŞ-ın proseslərdə yer almaq istəyi və Moskvanın sıxışdırılıb çıxarılmasıdır. Bu güclərin hansı şəkildə proseslərdə yer ala biləcəyi isə kommunikasiyaların açılmasına verəcəkləri reaksiyadan asılı olacaq”.

Turan Rzayev
Globalinfo.az