Metropolitendən kondisionerli qatar açıqlaması – RƏSMİ

Son günlər havaların normadan artıq isti keçməsi Bakı Metropolitenindəki köhnə qatarların vəziyyətini yenidən gündəmə gətirib. Metropoliten bildirir ki, köhnə qatarların istismar müddəti başa çatmadığı üçün yeniləri alınmır.

Məsələ ilə bağlı Globalinfo.az Bakı Metropoliteni QSC-yə sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq bildirilib ki, hazırda vaqon parkında 61 qatar var və onlardan 23-ü yeni, 38-i isə köhnədir:

“Köhnə qatarların istismar müddətinin bitməsinə hələ çox var. Bir qatarın istifadə müddəti 30-31 ildir. Elə qatar var ki, onun istismar müddəti 10-15 il sonra bitəcək. Qeyd edim ki, vaqon parkında olan saya deyil, xətdə olanlara baxmaq lazımdır. 23 yeni qatarın hər biri xəttə buraxılıb, 38 qatarın isə çoxu ehtiyatdadır. Bu isə o deməkdir ki, xəttə yeni qatarların sayı köhnədən çoxdur”.

Metropolitendən qeyd edilib ki, hazırda yeni qatar almaq mümkün deyil:

“Biz də istərdik ki, qatarların hamısı yenilənsin. Axı normativ qaydada istifadə müddəti 30-31 ildir. Hamısı zamanla yenilənəcək. Birdən-birə 38 yeni qatar əldə etmək mümkünsüzdür. Bunun maddi, texniki, normativ, təcrübə və s. tərəfini də nəzərə almaq lazımdır. Yaxın illərdə problem həllini tapacaq”.

Zaira Akifqızı
Globalinfo.az