IMG 1057

Xəbər verdiyimiz kimi, Bakının ictimai nəqliyyat sistemində bu gündən etibarən mühüm dəyişiklik tətbiq olunur. “Bakı Metropoliteni” QSC-nin xətlərin ayrılması layihəsi çərçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti 11 ay müddətinə dayandırılıb. Dəyişiklik sərnişinlərin gündəlik hərəkət marşrutlarına müəyyən təsir göstərəcəyindən, alternativ nəqliyyat imkanlarının təşkili və sərnişin axınının düzgün yönləndirilməsi əsas məsələlərdən birinə çevrilir.

Mövcud vəziyyət eyni zamanda paytaxtda artan sərnişin tələbatı fonunda metro və digər ictimai nəqliyyat infrastrukturunun davamlı şəkildə təkmilləşdirilməsinin əhəmiyyətini gündəmə gətirir.

Layihənin icrası müddətində sərnişinlərin rahatlığının təmin edilməsi üçün görülən tədbirlər, yeni ekspres marşrutların fəaliyyəti və stansiyalarda hərəkəti necə tənzimlənəcək?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib ki, dünən gecə tunellərin və xətlərin ayrılması layihəsinin praktiki icrasına start verilib:

“Bu, Bakı metrosu üçün tarixi hadisədir. Çünki uzun illər mövcud olan mühüm texniki məhdudiyyətlərdən birinin aradan qaldırılmasına artıq praktiki olaraq başlanılıb. Bu gün Bakı metrosunun üç xətti olsa da, uzun müddət iki depo ilə fəaliyyət göstərməsi müəyyən texniki məhdudiyyətlər yaradırdı. Xətlərdən ikisinin eyni istiqamətdə kəsişməsi də qatarların hərəkət intervalının azaldılmasına mane olan əsas amillərdən biri idi. Depo məsələsinin ilk mərhələsinin istifadəyə verilməsi artıq üç xəttin daha müstəqil və dayanıqlı fəaliyyət göstərməsi üçün zəmin yaradıb”.

Ekspert bildirib ki, ikinci mühüm məsələ xətlərin eyni səviyyədə kəsişməsidir:

“Dünən gecə sonuncu qatar yola salındıqdan sonra tunelin bağlanması ilə bu problemin aradan qaldırılmasına başlanılıb. Növbəti 10 ay ərzində yeni istiqamətdə tunellərin inşası nəzərdə tutulur. Bunun nəticəsində İctimaiçaparlı stansiyasının keçid stansiyası kimi funksionallığı genişlənəcək, sərnişin axınları ayrılacaq və daha təhlükəsiz, rahat hərəkət təmin olunacaq. Xətlərin ayrılması layihəsi çərçivəsində şəhərin arxasından dönmə kamerasının tikilməsi də nəzərdə tutulur. Bütün bunlar gələcəkdə qatarlar arasında hərəkət intervalının minimuma endirilməsi istiqamətində atılan mühüm addımlardır”.

R.Ağamirzəyev interval məsələsinə də toxunub:

“Hazırda texniki səbəblərdən qatarların hərəkət intervalını 3 dəqiqə 30 saniyədən aşağı salmaq mümkün deyil.

WhatsApp Image 2026 04 21 at 14.34.20

Rauf Ağamirzəyev

Lakin qeyd olunan layihələr həyata keçirildikdən sonra gələcək illərdə intervalın 2 dəqiqəyə qədər endirilməsi üçün əsas texniki məhdudiyyətlər aradan qaldırılmış olacaq. Bu isə daha sürətli, daha intensiv və daha çox sərnişinin daşınmasına imkan verəcək”.

Rauf Ağamirzəyev deyib ki, tikinti işləri dövründə sərnişinlər üçün yaranacaq narahatlığın minimuma endirilməsi məqsədilə ekspress marşrutlar müəyyənləşdirilib:

“Altı istiqamət üzrə təhlillər aparılıb və zərurət yaranacağı təqdirdə əlavə istiqamətlərin də yaradılması mümkündür. Eyni zamanda, mövcud marşrutların hərəkət sxemləri təhlil edilərək onların sayı artırılıb. Bununla yanaşı, hesab edirəm ki, layihənin yaratdığı müvəqqəti çətinlikləri azaltmaq üçün piyada infrastrukturunun da yaxşılaşdırılmasına ehtiyac var. Daha qısa piyada marşrutları formalaşdırılmalı, svetoforlu və zolaqlı piyada keçidlərinin sayı artırılmalıdır”.

Ekspert əlavə edib ki, digər mühüm məsələ dəmir yolu ilə alternativ əlaqənin təmin edilməsidir:

“Dədə Qorqud” ərazisi yaxınlığında yeni istifadəyə verilmiş dəmir yolu dayanacağı var. “Koroğlu” istiqamətində isə uzun illərdir fəaliyyət göstərən dəmir yolu dayanacağı mövcuddur. Bu iki məntəqə arasında dəmir yolu əlaqəsinin təmin edilməsi mühüm əhəmiyyət daşıya bilər. Belə bir əlaqə həm Abşeron dairəvi dəmir yolunun imkanlarından daha səmərəli istifadə etməyə, həm də şəhər daxilində alternativ nəqliyyat bağlantısı yaratmağa imkan verər. Eyni zamanda, “20 Yanvar”, “28 May” və “Koroğlu” metro stansiyalarının üzərinə düşən sərnişin yükünün müəyyən hissəsini azaltmaqla, tunellərin ayrılması layihəsinin həyata keçirilməsi dövründə yarana biləcək təsirləri minimuma endirmək mümkün olar”.

Deputat Naqif Həmzəyev isə deyib ki, Bakının ictimai nəqliyyat sistemində bu gündən mühüm dəyişiklik tətbiq olunur:

Bakı Metropoliteni” QSC-nin xətlərin ayrılması layihəsi çərçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti 10-11 ay müddətinə dayandırılıb. Bu səbəbdən sərnişinlərin rahatlığının təmin edilməsi və alternativ nəqliyyat imkanlarının təşkili əsas prioritetlərdəndir. Layihə 2025-2030-cu illər üçün Dövlət Proqramına uyğun həyata keçirilir. Məqsəd Qırmızı və Yaşıl xətlərin bir-birindən asılılığını aradan qaldırmaq, stansiyalardakı sıxlığı azaltmaq və qatarlararası intervalı minimuma endirməkdir. Bunun üçün “Cəfər Cabbarlı”-“Nizami” mənzilində təxminən 200 metrlik yeni tunellər inşa olunur”.

naqif 1 900x634 1

Naqif Həmzəyev

Deputat qeyd edib ki, “28 May” stansiyası tam bağlanmayacaq, yalnız xətlər arasındakı birbaşa keçid müvəqqəti dayandırılacaq:

“Sərnişinlərin rahatlığı üçün AYNA tərəfindən 6 yeni ekspres avtobus marşrutu (M1-M6) istifadəyə verilib. Həmçinin “Nizami” və “28 May” arasında hər 1,5 dəqiqədən bir əlavə avtobus işləyəcək. Bu xidmət ödənişli olacaq. “28 May” və “Cəfər Cabbarlı” stansiyalarını birləşdirəcək ikinci sərnişin pilləkəninin tikintisi də başa çatmaq üzrədir. Metropolitenin məlumatına görə, “28 May”dan keçən sərnişin axınını əvəz etmək üçün pik saatlarda hər üç dəqiqədən bir təxminən 20 avtobus yola salınmalıdır. Bu isə yerüstü nəqliyyata əlavə yük yaradacağından sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmaları tövsiyə olunur”.

Naqif Həmzəyev bildirib ki, layihənin tamamlanmasından sonra Qırmızı və Yaşıl xətlər müstəqil fəaliyyət göstərəcək, “28 May”dakı sıxlıq azalacaq və sistemin etibarlılığı artacaq:

“Qatarlararası intervalın 2 dəqiqəyədək azaldılması isə gözləmə müddətini qısaldacaq və sərnişin tutumunu artıracaq.

Beləliklə, 10-11 aylıq müvəqqəti məhdudiyyət Bakı metrosunun daha dayanıqlı, rahat və müasir nəqliyyat sisteminə çevrilməsi məqsədi daşıyır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: