Metroda sıxlıq problemi: hansı tədbirlər görülür? – AÇIQLAMA

Paytaxt Bakının ictimai nəqliyyatında, xüsusən metroda müşahidə olunan sıxlıq son vaxtlar əhalinin ən çox narazılıq etdiyi məsələlərdən biridir. Adi vaxtlarda metroda nəzərəçarpacaq dərəcə sıxlıq olmasa da, pik saatlarda yaranan vəziyyət stansiyalarda hərəkəti qismən, bəzən isə tam məhdudlaşdırır. Bu isə insanların işə gecikməsinə və ya evə gec çatmasına səbəb olur.

Bəs sözügedən problemin aradan qaldırılması üçün metropoliten tərəfindən tədbir görülürmü?

Məsələ ilə bağlı Globalinfo.az-a açıqlama verən Bakı Metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metropoliten sentyabrın 14-dən ən optimal hərəkət qrafikini tətbiq edib:

“Pik saatlarda “Həzi Aslanov”-“28 May” xəttində qatarların hərəkəti iki dəqiqəlik intervalla təmin olunur. Təəssüf ki, metropolitenin yaşıl-qırmızı xətləri “28 May” stansiyasında nəinki kəsişir, hətta birləşir. Bu səbəbdən də “İçərişəhər” və “Dərnəgül” istiqamətində intervallar ən azı bundan iki dəfə çox olur. Sərnişin sıxlığı, qapıların tutulu saxlanılması və digər səbəblərdən bu intervallar bir, bəzi hallarda iki dəqiqə arta bilir.

“28 May”-“Həzi Aslanov” istiqamətində isə maksimum çalışırıq ki, intervallar normal tənzimlənsin. Bunun üçün də pik saatlarda əlavə işçi qüvvəsi ayırmaqla sıxlıq olan stansiyalarda tənzimlənmə işləri aparılır. Gün ərzində monitorinqlər keçirilir və buna uyğun olaraq ehtiyat qatarların xəttə buraxılması təmin olunur”.

B.Məmmədov əlavə edib ki, ehtiyat qatarların xəttə buraxılması sıxlığı tam aradan qaldırmasa da, tənzimləməyə kömək edir:

“Qatarların hərəkəti baxımdan bütün mümkün addımlar atılıb. Metropolitenin yaşıl və qırmızı xətlərinin stansiyaları beş vaqonluq qatarları qəbul edə bilir deyə, burada artıq alternativ variant tətbiq etmək mümkün olmur”.

B.Məmmədov “Xətai”-“Cəfər Cabbarlı” xəttində intervalın 12 dəqiqəyə yaxın olduğunu diqqətə çatdırıb:

“Orada aparılan yenidənqurma işlərinin növbəti mərhələsi başa çatdıqdan sonra stansiyanın hər iki yolu istifadəyə veriləcək. Lakin həmin istiqamətdə daimi hərəkət edən sərnişinlərimiz bilir ki, orada intervalı 2-3 dəqiqəyə salmaq mümkün deyil”.

Zaira Akifqızı
Globalinfo.az