Şuşa-Xankəndi yolunda aksiya: əraziyə polislər gəldi – YENİLƏNİB

 

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası davam edir.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, aksiya iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün əraziyə Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri ilə yanaşı, polislər də cəlb edilib.

İştirakçılar polislərin əraziyə gəlişini alqışlarla qarşılayıblar.

Aksiya hazırda “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Yaşasın Azərbaycan!” şüarları ilə davam edir.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

***16:12

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası davam edir.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, aksiya iştirakçılarının təhlükəsizliyini Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri igidliklə qoruyur.

Bunu aksiyanın ilk günündə (dünən, dekabrın 12-də) Rusiya sülhməramlıları “Report” İnformasiya Agentliyinin avtomobilinin qarşısını kəsərək əməkdaşları ilə kobud davranarkən DQ hərbçilərinin köməyə gəlməsini özündə əks etdirən videokadrlardan da görmək olar.

Bizlər, həm media əməkdaşları, həm də sıravi insanlar olaraq DQ hərbçilərinin hərəkətlərindən qürur duyduq və duyuruq.

Bu, həm də bizi arxayın edir ki, Azərbaycan jurnalistləri heç nədən çəkinmədən, istənilən şəraitdə öz fəaliyyətini uğurla davam etdirə bilər. Çünki ölkəmizin belə oğulları – hərbçiləri var.