2 34

Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il dünya çempionatı zamanı iki dəfə ölüm təhdidi ilə üzləşib. Hər iki halda bombalardan istifadə ediləcəyi bildirilib, hadisələrdən birində isə yarıavtomatik tüfəngdən də bəhs olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” portalı ABŞ FTB-dən sızdırıldığı bildirilən məlumatlara istinadən yazıb.

Çempionat üçün yaradılan ABŞ Polis Koordinasiya Mərkəzinin (IPCC) statistikasına görə, çempionat zamanı bir neçə superulduza qarşı təhlükəsizlik təhdidləri olub, Messiyə qarşı isə bu hal iki dəfə yaşanıb.

İyunun 27-də Dallasa şəhərində Argentina ilə İordaniya arasında keçirilən qrup mərhələsinin oyunundan əvvəl, polis hesabatına əsasən, şübhəli şəxs Texas metropolunun hava limanına zəng edib. “Marca”nın yazdığına görə, həmin şəxs iki əlbir olduğu şəxslə birlikdə stadiona hücum edəcəyini bildirib. Onların üzərində kustar üsulla hazırlanan bombalar və AR-15 tüfənginin olduğu iddia edilib. Zəng edən şəxs məqsədinin Messini öldürmək olduğunu deyib.

Bundan 10 gün sonra, Argentina ilə Misir arasında keçirilən oyundan əvvəl isə şübhəli şəxsin sosial şəbəkədə paylaşım etdiyi bildirilir:

“Atlantadakı stadiona gedəcəyəm və bədənimə bağladığım dörd bomba ilə Messini partladacağam”.

Polis sənədlərindən həmçinin məlum olub ki, həmin qarşılaşma zamanı başqa bir şəxs stadiona zəng edərək tribunadakı zibil qutularından üçünə bomba yerləşdirdiyini bildirib. Bundan dərhal sonra xüsusi təlim keçmiş xidməti itlər hadisə yerinə cəlb edilib, lakin axtarışlar zamanı heç bir bomba aşkarlanmayıb.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: