Məşhur şairimizin məsciddə dəhşətli ölümü – Tarixçi elə faktları açdı… 

“Xalq arasında bir söz var: “Şirvan şairlərinə sahib çıxmır”. Azərbaycanın ən görkəmli şəxsiyyətlərinin dünyaya gəldiyi və yaşadığı Şirvan zonası bütün dövrlərdə ölkəmizin tarixində mühüm yer tutub. El arasında bir məsəl var: səs Qarabağda, söz Şirvanda dünyaya gəlib. Əlbəttə, biz baxsaq söz sahibi olan əksər dəyərli insanların yurdudur Şirvan”.

Globalinfo.az xəbər verir ki, bu sözləri tarixçi alim Zaur Əliyev Azərbaycanın görkəmli şairi Seyid Əzim Şirvani haqda danışarkən deyib.

Onun fikrincə, “Şirvan şairlərinə sahib çıxmır” cümləsi həqiqətən bir faciə ilə bağlıdır:

“Bu ifadə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Seyid Əzim Şirvaninin ölümündən sonra yaranıb. İndi isə ətraflı:

Seyid Əzim Şirvani 1833-cü il 9 iyulda Şamaxı şəhərində anadan olub. Uşaqlıqdan dini elmlərə sonsuz maraq göstərən şair, dini təhsil almaq üçün bir müddət vətəndən uzaqlarda – Bağdad və s. şəhərlərdə yaşayıb. Uzun illər həmin elmlərin öyrənilməsinə vaxt sərf edən şair 1850-ci illərin axırlarında doğma vətənə qayıdıb. Lakin Şamaxının bəzi savadsız dairələri onu gözdən salmaq məqsədi ilə hər yanda geniş təbliğatlar aparıb və şairi “kafir”, “səfeh” adlandırıblar. Seyid Əzim 1869-cu ildə Şamaxıda öz hesabına yeni üsul məktəbi açır. Məktəbdə təhsil ən yeni, mütərəqqi üsullarla aparılırdı. Fiziki cəzalar qadağan idi. Müasir dövrün elmləri öyrədilirdi. Mirzə Ələkbər Sabir və Sultanməcid Qənizadə də bu məktəbdə təhsil almışdılar”.

Zaur Əliyev

Z.Əliyevin sözlərinə görə, Seyid Əzim Şirvani Azərbaycan ədəbi tarixində yeganə şəxs imiş ki, 1877-ci ildə “Uşaqların baharı” adlı dərslik yazaraq şagirdlərə vətənlərinə məhəbbət hissi aşılayır, onlara öz tarixləri və mədəni irsindən qürur duymaq, vətəninə layiqli övlad olmaq ideyalarını təlqin edirdi:

“Dərsliyin yazılmasında vətənpərvərlik əsas hədəf idi. Lakin bu, Çar hökumətini qorxudurdu və dərslik yığışdırldı. Bundan sonra Seyid Əzimə xəbərdarlıq edildi, bütün nəşr evlərinə tapşırıldı ki, bu, çap edilsə, ağır cəzalar olacaq. Adam 18 ildən artıq öz məktəbində müəllimlik edib. Amma sona qədər davam edə bilmir. Din donu altında gizlənən cahillər, digər tərəfdən də o zaman Şamaxıda dövlət tərəfindən açılan şəhər məktəbinin təsiri nəticəsində get-gedə həmin məktəb fəaliyyətini dayandırmağa məcbur olur. Şirvani Qafqaz müsəlmanlarını təbii elmi biliklərə yiyələnməyə, xurafat və fanatizmi rədd etməyə, tərəqqi və mədəni dirçəliş yolu tutmağa çağırırdı. Seyid Əzim öz yaradıcılığında demokratik maarifçiliyin ən yaxşı xüsusiyyətlərini birləşdirə bilmişdi. Məhəmməd Əmin Rəsulzadə ona böyük dəyər verirdi. Minlərlə bivec seyidin içindən Seyid Əzim Şirvani yetişirsə, bu millətin işığı heç bir zaman sönməyəcək!”

Tarixçi alim Seyid Əzim Şirvaninin əsl ölüm səbəbini açıqlayıb:

“Mənə maraqlıdır, niyə Azərbaycanda dərsliklərdə, kitablarda, mediada və digər məlumat mənbələrində yazırlar: “Seyid Əzim Şirvani 1888-ci il iyunun 1-də Şamaxıda vəfat edib”. Bəs sual verən yoxdur ki, şair və müəllim niyə birdən-birə 53 yaşında qəfil ölüb? Niyə ona olan sui-qəsdi gizlətməyə çalışırlar? Guya Seyid Əzim Şirvani məscid qapısında yaradılan süni basabasda ölüb. Şair orda nə edirdi, əgər möhvumata qarşı mübarizə aparırdısa? Seyid Əzim Şirvani 1888-ci ilin may ayının 20-də Şamaxı məscidində döyülərək öldürülüb. Ayaqlar altında onu əziblər. Onun məscidə daxil olmasını görən mollalar qışqırıb deyiblər: “Öldürün kafiri!”. Bu sözdən sonra yüzlərlə insan onu ayaqlar altına alaraq əzə-əzə qətl ediblər. Meyitini güclə çıxardıblar və ailəsinə təhvil veriblər. Özünün vəsiyyətinə görə, onu Şahxəndan qəbiristanlığında dəfn ediblər. Qeyd edək ki, Şaxəndan (Şahi Xəndan) Nəsiminin böyük qardaşı olub.

“Mən öləndə Şahxəndanda basdırın,

Çünki, onun Şahi-Xəndanı var”.

Zaur Əliyev daha bir maraqlı faktı açıqlayıb:

“İndi əllərində bayraq tutublar ki, guya Seyid Əzim qələmə aldığı “Öküz oğlu” şeirində şiələri təhqir edib. Bu şeiri gündəmə gətirən xaricdə Azərbaycan əleyhinə yalan məlumatlar yazan Güntay Gəncalpdır. Güntay şairin şeirini tərcümə edəndə kifayət qədər təhriflərə yol verib. Əslində, Seyid Əzimin orjinal şeirində bu cümlə yazılır:

“Qaimu Al Muhəmməddur (s) İmami-Qaibim

Xidmət üçün hazirəm, ol Muxtəfadən dönmərəm”.

Kimə lazımdırsa, Güntayın saxtakarlığını və Seyid Əzimin orjinalını təqdim edə bilərəm. Çox heyf ki, sağlığında daim hər addımı nəzarət altında olan, yaşadığı cəmiyyətdə amansız təqiblərə, hücumlara məruz qalan və savadsızların “kafir” kimi qələmə verdiyi bu böyük maarifçi, görünür, indi də heç kəsin yadına düşmür”.

Zaira Akifqızı

Globalinfo.az