Əfqanıstanda siyasi hakimiyyətə gələn “Taliban” hərəkatı ölkəfə qarışıq döyüş növləri (MMA) ilə məşğul olmağı qadağan edən sənəd imzalayıb.
Sənəddə qeyd olunub ki, qarışıq döyüş növləri insan orqanizmində sağalması mümkün olmayan fəsadlara və ölümlə nəticələnən hallarla müşahidə oluna bilər ki, bu da islam şəriətinə görə qəbuledilməzdir. Beləliklə, həmin döyüş növü Əfqanıstanda haram hesab olunur.
Doğrudanmı bu cür döyüş növləri islamda haram sayılır?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli deyib ki, 21-ci əsrin insanına və onun idrak şüuruna islamı anlatmaq üçün öncə iki önəmli qaynağa – Quran və Peyğəmbərimizin (s.ə.s) əxlaqına yönəlmək zərurətdir.
Ağa Hacıbəyli
İlahiyyatçının fikrincə, əxlaq 1400 il bundan öncə hansı standartlara uyğun idisə, yenə də eyni olaraq qalmaqdadır:
“Hər şeydən öncə insana verilən dəyər və hörmətdir. Bu baxımdan da islam dini insan sağlamlığının ətrafında dayandığı kimi, onun şəxsiyyətini təhdid edən kənar müdaxilələri də qadağan edib. Bu prinsiplə də idmanlar arasında insanın üzünə, gözünə vurulan döyüş növləri bəyənilmir. Məsələn, boks, kiqboks, qaydasız döyüş və bu tip idman növləri dinimizdə bəyənilmir. Çünki insanın üzü bədəninin pasportudur. Onun şəxsiyyətinin bütün nümunələri üz cizgilərində yerləşir. Ora yumruq, təpik vurmaq islam dinində qadağan edilir. Kimsə bunu haram və ya halal hesab edirsə, onun şəxsi işidir. Amma islam dininin qaydaları baxımından insana zərbə vurmaq, əziyyət vermək qəbuledilməzdir və bəyənilmir”.
Zaira Akifqızı
Globalinfo.az