Məşhur generalımızın özəl günü – Maraqlı fakt…

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanı, general-leytenant Hikmət Mirzəyevin 55 yaşı tamam olur.

Globalinfo.az xatırladır ki, H.Mirzəyev 29 fevral 1968-cı ildə Biləsuvarda anadan olub.

Birinci Qarabağ savaşında döyüşlərə qatılan H.Mirzəyev 1992-ci ilin dekabrında Fərrux yüksəkliyini azad etmək üçün Müdafiə Nazirliyinin göstərişi ilə aparılmış hücum əməliyyatı zamanı hərbi birliyin kəşfiyyat bölüyünün komandiri kimi döyüşüb.

19 yanvar 2002-ci ildə general-mayor ali hərbi rütbəsinə layiq görülüb.

2016-cı ilin aprelində və 2020-ci ildə Qarabağda aparılan hərbi əməliyyatların rəhbərlərindən olub. Cəbrayıl rayonunun, Şuşa şəhərinin işğaldan azad edilməsi əməliyyatına başçılıq edib.

II Qarabağ müharibəsinin gedişində Prezident İlham Əliyev ona general-leytenant rütbəsi verib. Daha sonra o, Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Tarixçi Zaur Əliyev general H.Mirzəyevlə bağlı maraqlı bir məlumatı bölüşüb:

“Əsgərlərdən birinin dedikləri: “döyüş zamanı mərmilər yağış kimi səpələnirdi. Bir tərəfdən də düşmən snayperləri bizi nişan alırdı, başımızı qaldıra bilmirdik. Amma o, uzaqdan bizi gördü, ayaq üstə, yeriyə-yeriyə yanımıza gəldi. Bir az söhbət elədi ki, kefimiz açılsın. Sonra eynilə mərmi yağışının içindən durdu getdi. Hətta bizim uşaqlardan biri qalxıb, onu snayper atəşindən qorumaq üçün yanında getmək istədi. General dedi ki, siz özünüzü qoruyun, məndən nigaran qalmayın”.

Globalinfo.az kollektivi olaraq general-leytenant Hikmət Mirzəyevi təbrik edir, cansağlığı, uzun ömür arzulayırıq.