Xəbər verdiyimiz kimi, Məşədi Dadaş” məscidinin imamı Əli Şərbətova qarşı sui-qəsd təşkil edilib. Cinayətkar imama çata bilməsə də, məscidin xidmətçisi Rəsul Həsənliyə bir neçə bıçaq zərbəsi endirib.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Əli Şərbətov hadisənin onun vəzifəyə yeni təyin olunduğu zamana təsadüf etdiyini bildirib.
O, cinayətkarı tanımadığını qeyd edib:
Əli Şərbətov
“Düzü, həmin şəxsi qəti tanımıram. Gəlib, məni axtarıb və tapa bilməyib. Otağıma daxil olmaq istəyən zaman isə Rəsul bəy onun qarşısını alıb. Açığı, səbəbi də bilmirəm. İstintaq yekunlaşdıqdan sonra hər şey dəqiq bilinəcək. Yəqin ki, hansısa dini dözümsüzlük səbəbindən belə addım atıb. İnsandır da, hərə bir cür reaksiya verir. Başqa səbəb nə ola bilər, bilmirəm. Allah hər kəsi qorusun”.
Qeyd edək ki, hadisəni törədən 1983-cü il təvəllüdlü Elşən Hüseynova Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən AR Cinayət Məcəlləsinin 29.120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayəti gizlətmə məqsədi ilə adam öldürməyə cəhd) 29.120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29.120.2.11 (Terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29.120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittiham irəli sürülüb.
Zaira Akifqızı
Globalinfo.az