Türk lider Azərbaycana gəldi – Mərkəzi Asiya savaşı qızışır

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıya gəlib. O, Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA-nın Bakıda keçiriləcək birinci sammitində iştirak edəcək.

Maraqlıdır, SPECA-nın mahiyyəti, əhəmiyyəti nədir? Bu tədbirin Bakıda baş tutmasının hansı müsbət tərəfləri var?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Turab Rzayev deyib ki, son dövrlər Mərkəzi Asiyanın əhəmiyyəti artmaqdadır:

“Xüsusilə dünyada baş verən geopolitik qarşıdurmalar bu regionun əhəmiyyətini artıran başlıca faktordur. Həm Qərb, ABŞ, həm də Çin bu regionda nüfuz əldə edə bilmək, region ölkələrini ətrafında cəmləmək üçün mübarizə aparır.

Prinsip etibarilə Mərkəzi Asiya regionu Rusiyanın “arxa bağçası” hesab edilir. Lakin Rusiya-Ukrayna müharibəsi fonunda Kremlin diqqətinin başqa istiqamətə keçməsi Mərkəzi Asiyanı digər güclər üçün potensial hədəf halına saldı.

Turab Rzayev

BMT-nin Xüsusi Proqramı – SPECA-nın Azərbaycanda baş tutması mühüm hadisədir. Azərbaycan Mərkəzi Asiya ölkələrinə çox yaxındır. Həm dini, həm siyasi, həm də coğrafi baxımdan bu ölkələrlə müsbət əlaqələrimiz var. Bundan başqa, Azərbaycan 70 ilə yaxın bu ölkələrlə birlikdə SSRİ-nin bir parçası olub. Bu baxımdan Mərkəzi Asiya ölkələrini bizim qədər yaxşı tanıyan ikinci ölkə yoxdur.

Hesab edirəm, tədbirin ölkəmizdə keçirilməsi mühüm hadisədir. Xüsusilə də Qərbin, ABŞ-ın ölkəmizə artan təzyiqləri fonunda bizə əlavə dividentlər qazandıra bilər”.

Turan Rzayev
Globalinfo.az