“Bir zamanlar meyxananı televiziya ekranlarına çıxaran ilk insanlardan biri olan Nizami Rəmzinin qızı Reyhan bu gün narkomaniyanın növbəti qurbanlarından biridir”.
Globalinfo.az xəbər verir ki, bu barədə aparıcı Nail Kəmərli sosial mediada paylaşım edib.
O bildirib ki, Reyhan 2023-cü ildə müalicə üçün reabilitasiya mərkəzinə yerləşdirilmişdi:
“Bir il ərzində böyük dəyişikliklər oldu. Sağlamlığı bərpa olunurdu, üzü gülürdü, həyata yenidən bağlanırdı. Hamımız inanırdıq ki, ən çətin günlər artıq geridə qalıb. Amma narkomaniya elə bir bəladır ki, insan bir anlıq boşluğa düşəndə yenidən onu öz girdabına çəkə bilir”.
N.Kəmərli qeyd edib ki, Reyhan yenidən narkotik istifadəsinə başlayıb:
“Sonra həbs olundu. Bu gün isə qarşılaşdığınız görüntülər onun yaşadığı ağır həyatın acı reallığıdır. Yenə də ona əl uzatdıq, yenə müalicə olunmasını istədik, yenə xahiş etdik ki, bizimlə gəlsin, bu bataqlıqdan çıxsın. O isə bu dəfə də bizimlə gəlmədi… Ən ağır hiss isə budur ki, bəzən insanı xilas etmək istəyənlər çox olur, amma xilas olmaq istəyi insanın özündə olmur. Bu video təkcə Reyhanın hekayəsi deyil. Bu, narkotikin necə amansız şəkildə insanın həyatını, arzularını, gələcəyini məhv etdiyinin canlı sübutudur. Ümid edirik ki, bir gün Reyhan da öz həyatını geri qaytarmaq üçün son bir şansın əlindən tutacaq. Çünki nəfəs aldığı müddətdə ümid ölmür…”
