Sabiq təhsil naziri Misir Mərdanovun keçmiş baş nazir Artur Rasizadə ilə bağlı paylaşımı maraq doğurub.
Globalinfo.az xəbər verir ki, M.Mərdanov Rasizadəni 91 yaşının tamam olması münasibətilə təbrik edib.
O bildirib ki, A.Rasizadə müasir Azərbaycan siyasi tarixində önəmli yer tutub:
“Çox rəngarəng və zəngin hadisələrlə dolu həyatımda unuda bilmədiyim insanlar kifayət qədərdir. Bu siyahıda təmkininə, zəkasına, müdrikliyinə, alicənablığına görə yaddaşımda dərin iz buraxmış və ən ön sıralarda yer tutan bir şəxsiyyət var – Artur Rəsizadə! Etel Lilian Voyniçin məşhur “Ovod” əsərinin qəhrəmanının adını daşıyan bu insan elə Voyniçin Arturu kimi çox keşməkeşli həyat yaşayıb. 1935-ci il fevralın 26-da Gəncədə dünyaya gələn, Böyük Hüseyn Cavidin qardaşı nəvəsi, şair Tahir Rəsizadənin oğlu, Lənkəranda orta məktəbi bitirən, əslən naxçıvanlı olan bu insan öz həyatı ilə Azərbaycanın bütövlüyünün rəmzi olmuşdur, hər kəsə yalnız şəxsi keyfiyyətlərinə, işgüzarlıq xüsusiyyətlərinə, vətənpərvərliyinə, məsuliyyətinə görə dəyər vermişdir. 22 il Baş nazir kimi ən yüksək səviyyələrdə Azərbaycanı və xalqımızı dünyaya ləyaqətlə təqdim və təmsil edən Artur müəllim həm də əsl köhnə kişilərə xas nəcib keyfiyyətləri özündə yaşadan bir insandır.
Yeri gəlmişkən, bəzi yumoristik səhnələrdə guya Azərbaycan dilində yaxşı danışa bilməyən, jarqonlardan istifadə edən məmur kimi təqdim edilən Artur Rəsizadə əslində dilimizi, tariximizi, mədəniyyətimizi, poeziyamızı çox gözəl bilir, onun Füzulidən, Seyid Əzimdən, Hüseyn Caviddən dediyi şeirləri yəqin ki, Azərbaycanda çox az adam bilər. Bundan başqa onun intellektual səviyyəsi çox yüksəkdir, dünyanın ən mürəkkəb texnologiyaları, elmi yenilikləri, bununla yanaşı dünya ədəbiyyatının klassikləri – Dostoyevski, Stendal, Kamyu və başqalarının əsərləri haqqında elə maraqlı faktlar gətirir, elə şərhlər edir ki, məəttəl qalırıq.
Bu gün onun 91 yaşı tamam olur. Canlı tarix, dərin zəkalı şəxsiyyət, humanist insan, böyük ürək sahibi, əsl vətəndaş və unikal ziyalı olan Artur Rəsizadəni doğum günü münasibətilə təbrik edirəm. Şərəfli bir ömrün növbəti zirvəsində dayanan bu fenomenal şəxsiyyətə cansağlığı və yeni yubileylər arzulayıram”.
Əliyar Xəlil
Globalinfo.az