“Məni güllələyən adamı qohumum öldürdü, onu dəlixanaya saldırdım ki…” – Hacı Qalib

“O şəxslər vəzifədən gedən kimi İranla münasibətlər düzələcək”

Globalinfo.az sabiq deputat, Bilgəh qəsəbə ağsaqqalı Hacı Qalib Salahzadə ilə müsahibəni təqdim edir:

Qalib bəy, yəqin ki, həmkarınız Fazil Mustafaya sui-qəsddən xəbəriniz var. Keçmiş həmkarınız olaraq Fazil bəyə zəng edib, “keçmiş olsun” demisiniz?

– Dostların vasitəsilə Fazil Mustafanın güllələnməsindən ilk dəqiqələrdən xəbər tutmuşam. Lakin həmin an ona zəng etmək mənasız olardı. Ziyarətə gəldikdə isə səhhətim yol vermir gedib baş çəkim. Mən Fazil haqqında ancaq xoş sözlər deyə bilərəm. Allah ona şəfa verin.

– Sizcə, Fazil Mustafanın vurulması birbaşa İrandan gələn sifarişdir?

– Mən konkret olaraq heç bir ölkənin adını çəkə bilmərəm. Amma dövlət səviyyəsində deyilən hər bir sözü təsdiq edirəm. Bunu dövlət bilər ki, sifariş İrandan, Rusiyadan və ya başqa ölkədən gəlib. Hələ istintaq gedir. Biz istintaq yekunlaşan zaman biləcəyik ki, hansı dövlətin və kimin bu işdə əli var. Lakin nə olur-olsun, bu, bizim dövlətə qarşı törədilmiş terrordur.

Deputata güllə atmaq sadə iş deyil. Baş verən hadisələr hökuməti qorxutmaq məqsədi daşıyır. Şükür ki, bizim Prezidenti belə şeylər qorxuda bilməz. Təşkilatçılar yanlış addım atırlar. Biz ölkə başçımızın cəsurluğunu 44 günlük Vətən müharibəsi zamanı da gördük. Neçə ölkədən müharibənin təcili bitməsi ilə bağlı söz göndərildi, amma cənab İlham Əliyev yaxşı cavab verdi. “Nəyi, nə vaxt edəcəyimi yaxşı bilirəm” dedi.

– İranın Azərbaycanla bölə bilmədiyi nədir? Niyə İran bizim qələbə qazanmağımıza qıcıqlanır və erməniyə dəstək olur?

– İranın bizə qarşı pis münasibət göstərməsi birinci dəfə deyil axı. “Düşmənimlə dostluq edən mənim düşmənimdir” – bu prinsipdir. İran, yəqin, istəyir ki, biz onların ermənilərlə qardaşlığına göz yumaq, onlar da silahlanıb üstümüzə gələ bilsinlər?! Nə etsələr də, cənab Prezident hər şeyi öz nəzarətində saxlayır. Bu gün təhlükəsizlik xidməti də, polisimiz də, prokurorluğumuz da, hərbçilərimiz də çox yaxşı çalışırlar.

– Qalib bəy, mənim soruşmaq istədiyim tamamilə başqadır. Niyə İran istəmirdi ki, torpaqlarımızı işğaldan azad edək?

– Dünya İranla Ermənistanın dostluğunu onsuz da bilir və görməzdən gəlir. O vaxt mən Həcc ziyarətinə gedəndə iranlılarla söhbət edən zaman onlar bizə qarşı isti münasibətdə olduqlarını bildirirdilər. İran 5-10 molladan ibarət deyil. İran xalqı Azərbaycanla dostdur. Sadəcə, fərqli məmurlar, vəzifə sahibləri var ki, Azərbaycanın güclənməsini istəmirlər. Çünki onlar Azərbaycanı özləri üçün təhlükə görürlər.

Xatırlayıram, bir iranlı deyirdi ki, “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun”. Mən ona sual verdim ki, niyə paytaxt Bakı yox, Təbriz? Cavab verə bilmədi. Onlarda o dərəcədə yüksək təbliğat var.

– Bundan sonra İranla Azərbaycan arasında münasibətləri necə görürsünüz?

– Gələcəkdə İran Azərbaycanla dost olacaq. İndiki hadisələrə baxmayaraq, yenə də dostlaşacaqlar. Çünki bu, məmurlardan asılı olan iş deyil. Həmin məmurlar torpağa görəmi, nəyə görəsə gedib ermənilərlə birləşir. Deməli, nədənsə qorxurlar. Hər iki tərəfin ürəyində türkçülük var.

– Qalib bəy, farslar türk deyil amma… Soydaşlarımız haqda danışmıram. Söhbət İran rejimindən, farslardan gedir.

– Bu işin başında duranlar vəzifə sahibləridir. Onlar işdən azad olunduqdan sonra bizə qarşı münasibətləri dəyişəcək. Nə etsələr də, azərbaycanlıların ürəyindən türkçülüyü silə bilməyəcəklər. İranın Azərbaycanla dost olması üçün müəyyən vaxt lazım olacaq. Hazırda bu mümkün deyil. Zamanında o qədər səhvlərinə göz yumduq ki, onlar da belə etdi. Ona görə də, hazırda erməni qalıb bir yanda, millət İrana nifrət edir.

– İranın hər iki terror aktına sizin münasibətiniz necədir?

– Səfirliyimizə olunan hücumdan sonra bunun sifariş olunduğunu anladım və pisləyirəm. Normalda İran polisi avtomat yox, kiminsə əlində adi taxta görsə, məhv edərdi. Amma burada heç nə etmədi. Xalq Cəbhəsinin dövründə nəsə edəni 2-3 aylıq dəlixanaya atırdılar, məsələ sakitləşən kimi çıxarırdılar. İndi eynisini İran edir. Belə dəli olar?! Açıq görünür ki, bu, dövlət və məmurlar tərəfindən olunmuş sifarişdir. Araşdırsaq, bəlkə də cinayətkar heç dəlixanada da deyil. Allah şəhidimizə rəhmət eləsin.

Fazil Mustafaya qarşı törədilən terror hadisəsində müəyyən qüvvələrin əli var. Amma biz dövlətin cavabını gözləyirik. Mən kimin törətməsi ilə bağlı heç nə deyə bilmərəm. Həmin şəxslər cəzalarını alacaq.

– Mart ayının 2-də Məşədi Dadaş məscidinin axundu, ilahiyyatçı Hacı Şahin Həsənli dünyasını dəyişdi. Onun da ölümündə müəmma olduğu bildirilir. Hacı Şahinin məhz İran tərəfindən sui-qəsdlə aradan götürüldüyü deyilir.

– Hacı Şahin dəyərli insan, hörmət sahibi olan biri idi. Sadəcə, camaat onun ölümü ilə barışa bilmir. Etiraf etmək lazımdır ki, Hacı Şahin Azərbaycanın ağır itkilərindən biridir. O, çox savadlı şəxsiyyət idi. Hacıya savad Allah tərəfindən verilmiş vergi idi. Onun qəfil ölümü insanlarda şübhə yaratdı. Amma deyilənlər əsassızdır.

Sizə başıma gələn hadisəni danışım. Məni başımdan və digər bədən nahiyyələrimdən düz 6 dəfə güllələdilər, amma mən ölmədim. Deməli, hər kəsin bir qisməti var.

– Güllələndiyinizi dediniz. Hadisə nə zaman baş verib? Sui-qəsdin kim tərəfindən törədildiyi məlum oldumu? Cinayətkar həbs edildimi?

– 1991-ci ilin 8 dekabr tarixində dostumla avtomobildə söhbət edirdik. Mənə qohumluğu çatan birinin əli ilə sui-qəsd təşkil etmişdilər. Bu şeylər özbaşına olmur. Fazil Mustafanın başına gələnlər də elə-belə olmayıb. Mütləq ki, sifarişli işdir.

– Bəs sizi öldürmək istəyən şəxs həbs olundumu?

– Həmin şəxs kənddə qonşuluqda yaşayırdı. Hər kəs bir-birini tanıyır. Məni öldürmək istəyən adamı mən xəstəxanadan çıxana kimi qohumum öldürmüşdü.

– Bəs qohumunuz cinayəti törətdikdən sonra həbs olundu?

– Xeyr. Psixi problemi olduğu üçün dəlixanaya yerləşdirildi.

– Siz 34-cü dəfə Həcc ziyarətinə gedəcəyinizi demişdiniz. Ziyarətiniz gözlənilirmi?

– Allah nəsib eləsin, mütləq gedəcəyəm.

– Bu qədər Həcc ziyarətinə gedirsiniz, dinə bağlı olduğunuzu deyirsiniz. Bəs oruc tutursunuz?

– Xeyr, oruc tutmuram. Çünki illərdir şəkər xəstəliyindən əziyyət çəkirəm. Gün ərzində 3-4 dəfə dərman içirəm. Oruc tutmasam da, onun qarşılığında müəyyən dərəcədə kasıba əl tuturam.

– Kasıblara yardım etdiyinizi deyirsiniz. Amma nədənsə, sosial şəbəkələrdə sizin yardım etməyinizə inanmırlar. Hətta bir çoxları sizin yalnız öz ətrafınıza yardım etdiyinizi düşünür. Deyilənlər nə dərəcədə doğrudur?

– Kimə nə etmişəmsə, halal xoşları olsun. Mən onu reklam üçün etməmişəm.

– Ümumiyyətlə, niyə bir çox məmurların, deputatların insanlara yardım etməsinə cəmiyyət inanmır?

– Kim nə deyir, desin. Əsas odur mən bilirəm ki, çoxlarına yardım etmişəm. O qədər yaxşılıq edən Hacı Zeynalabdin Tağıyevi 82 yaşında həbs etdirmişdilər. Düzdür, Zeynalabdin Tağıyev deyiləm, heç ola da bilmərəm, amma elə bir adamı günahlandıran insanlar, bizim də yaxşılıq etməyimizə inanmayacaq.

Nəvəm mənə deyir, “Baba, bu qədər yardım edirsən, amma yenə də sənin haqqında yazmağa davam edirlər”. Deyirəm, oğlum, məndən 90 yaşıma qədər yazacaqlar (gülür).  Səbəbi soruşduqda isə cavab verirəm ki, kişidən yazarlar. Görsəniz ki, yazmırlar, bilin ki, artıq cəmiyyətə lazım deyiləm.

Zaira Akifqızı
Globalinfo.az