Məmurlarla bağlı çağırış – Deputat həyəcan təbili çaldı

“Azərbaycanda monopoliyadan daha dəhşətli problem imtiyazçılıqdır”.

Globalinfo.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

Ölkədə hələ də monopoliyanın qaldığını deyən parlamentari müəyyən sahələr üzrə səlahiyyətlərin bir şəxsin əlində cəmləşməsinin ciddi problem yaratdığını və ölkənin inkişafında maneə olduğunu bildirib:

“Monopoliya müəyyən təbii ehtiyatlarla bağlı bəzi sahələrdə normal prosesdir. Amma Azərabyacanda monopoliyadan daha dəhşətlisi imtiyazçılıqdır. Yəni ayrı-ayrı şəxslərin müəyyən imtiyaz sahibi olmasıdır. Həmin sahələrin geriləməsinin səbəbi məhz budur. Məmurlar da bu prosesdə müəyyən qədər məcburi rol alırlar. Çünki onlar təyin olunduqda artıq bu sahələrdə həm inhisarçılığın, həm də imtiyazın olduğunu qəbul edirlər. Ona görə də standartları dəyişəcək gücə sahib olmurlar”.

Fazil Mustafa

Fazil Mustafanın sözlərinə görə, belə məmurlara qarşı mübarizə davam etdirilməsə, ciddi problemlər yaşanacaq.

“Standartlar dəyişməlidir. Ölkənin inkişafını istəyiriksə, ayrı-ayrı şəxslərin imtiyazları barədə düşünməliyik. Hamının hüquq qarşısında bərabər olduğu bir sistemə qayıtmalıyıq. Əks halda inkişafımızla bağlı ciddi problemlər yaşamağımız qaçılmazdır. Bütövlükdə inhisarçlıq inikişafın qarşısını alan əsas məsələlərdəndir, biz mövqeyimizi hər zaman açıq şəkildə bildiririk”, – deyə deputat ölkədə monopoliya və inhisarçılığa qarşı ciddi tədbirlərin görülməsi barədə çağırış edib.

Qeyd edək ki, Azərbaycanda monopoliyanın davam etməsi cəmiyyəti narahat edən əsas problemlərdən biridir. Xüsusilə bəzi məmurların monopoliyaya “yaşıl işıq” yandırması, azad rəqabət mühitinin sıradan çıxarılması dəfələrlə müxtəlif səviyyələrdə müzakirə mövzusu olsa da, nədənsə, bu bəladan xilas olmaq mümkünsüz görünür.

İndiyədək dövlət səviyyəsində monopolist məmurlara qarşı bir sıra addımlar atılıb, nəticədə bəziləri vəzifəsini və qurduğu səltənəti itirib. Lakin görünür, dövlətin tərs silləsi bir çox vəzifə sahiblərinə hələ də dərs olmayıb, yenə öz səlahiyyətlərindən sui-istifadə edərək qeyri-qanuni fəaliyyətlə məşğul olurlar.