Məmmədlidən İnsanova: “Yalanla, yaltaqlıqla ucalmaq yolunu tutdu”

Bu günlərdə Haqq Ədalət Partiyasından istefa verən Zəlimxan Məmmədli növbəti dəfə partiyanın rəhbəri Əli İnsanovu hədəf alıb.

Globalinfo.az xəbər verir ki, o, Feysbuk hesabında bu haqda status paylaşıb.

Z.Məmmədli ad çəkməsə də, ittihamları keçmiş sədrə ünvanladığı məlumdur.

O, paylaşımın ilk cümlələrində “son 2-3 ildə dəyəri olmayandan dəyər umdum. Keçmiş olsun” sözlərini yazıb.

“Bəlli persona ideyamızı öz nəfsinə istismar etməyə çalışdı. Yalanla, yaltaqlıqla ucalmaq yolunu tutdu. Başa salmağa çalışdıq ki, bu yol alçalmaq yoludur. Toqquşduq, ömründə almadığı, haqq etdiyi payını aldı” – deyə bildirib.

Z.Məmmədli daha sonra bunları yazıb:

“Son 3 ilə yaxın bir zamanda həyəcanlandırdığım, inamına təsir etdiyim bütün dostlardan üzr istəyir, son 5 gündə “azadlığın, qəzan mübarəkdir” deyən dostlara, aydınlara təşəkkür edirəm”.

Xatırladaq ki, Zəlimxan Məmmədli ötən həftə Haqq Ədalət Partiyasının Ali Məclis sədri vəzifəsindən istefa verib. Bu barədə sosial şəbəkə hesabında geniş video müraciət yayıb. Bildirib ki, istefasına  partiyanın sədri Əli İnsanovla aralarında yaranan ziddiyyət səbəb olub. O, çıxışında Ə.İnsanovu partiyadaxili demokratiyanı boğmaqda, hakimiyyətə yaltaqlanmaqda ittiham edib.

Z.Məmmədli uzun illər AXCP-də Əbülfəz Elçibəyin müavini olub.

Safura Bənnayeva
Globalinfo.az