Məmməd Arazın qızı “Dünya sənin, dünya mənim”in yeni təqdimatına fikir bildirdi

Sözləri Xalq şairi Məmməd Araza, musiqisi Xalq artisti Niyaməddin Musayevə məxsus olan məşhur “Dünya sənin, dünya mənim” mahnısının yeni üslubda ifası bir müddətdir gündəmdən düşmür.

Mahnının rok üslubunda ifası “Dərviş” qrupunun təqdimatında böyük maraqla qarşılanmış, ilk ifaçısı Niyaməddin Musayev tərəfindən də çox bəyənilmişdi. Son olaraq Xalq artistinin qrupla yayımlanan dueti isə gündəmə çevrildi.

Məmməd Arazın qızı, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay mahnının yeni üslubda təqdimatı haqqında fikirlərini Globalinfo.az-la bölüşüb:

İradə Tuncay

“Mahnını dinlədim və xoşuma gəldi, bəyəndim. Yeni ifa rok üslubundadır. Azərbaycanda da bu üslubu sevən insanlar var”.

Yeni üslubda ifanın peşəkar dəyərləndirilməsi üçün Azərbaycan Milli Konservatoriyasının rektoru, bəstəkar Siyavuş Kəriminin də fikirlərini öyrənməyə çalışdıq. Bəstəkar Globalinfo.az-a mahnının yeni təqdimatını dinləmədiyini və buna görə də fikir bildirə bilməyəcəyini qeyd edib.

Qeyd edək ki, “Dərviş” qrupunun mahnını rok üslubunda ifa etməsi ictimaiyyətdə çox bəyənildiyi üçün Niyaməddin Musayevlə duet nəzərdə tutulduğu kimi 7 apreldə deyil, 29 mart tarixində musiqi platformalarında yayımlanıb.

Ayşən Mustafa
Globalinfo.az