V1DD6nW6bunxVQt6B9Xlm24Bfm6gksN9IoIIsDfR 1200

“Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Bakı səfəri, xüsusilə Avropa Parlamentinin qərəzli qətnamələri və Azərbaycan-Ermənistan normallaşma prosesi fonunda mühüm rəmzi və praktiki əhəmiyyət kəsb edir”.

Bu sözləri Globalinfo.az-a deputat Bəhruz Məhərrəmov deyib.

​Deputat bildirib ki, Avropa Parlamenti tez-tez qəbul etdiyi anti-Azərbaycan qətnamələri ilə ikitərəfli əlaqələrə kölgə salmağa çalışsa da, Aİ-nin xarici siyasətini müəyyən edən əsas icraedici orqanın rəhbəri kimi Kaya Kallasın Bakıya gəlməsi mühüm mesajdır:

“Kallasın səfəri göstərir ki, Brüssel Avroparlamentin populist və birtərəfli ritorikasına rəğmən, rəsmi Bakı ilə birbaşa və konstruktiv dialoqun tərəfdarıdır. O,  Azərbaycanla münasibətlərdə bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan “institusional etimadı” qorumaq istədiyini nümayiş etdirir.

behruz meherremov 13 900x600 1
Bəhruz Məhərrəmov

​Bu mənada Kallasın İrəvandan dərhal sonra Bakıya səfər etməsi, həm də Aİ-nin regionda birtərəfli deyil, balanslı vasitəçi imicini bərpa etmək cəhdidir. Diplomatın “Azərbaycan və Ermənistan arasında sülh prosesindəki irəliləyiş tarixi fürsətdir” bəyanatı Avroparlamentdən fərqli olaraq icra strukturunun sülh dinamikasını qorumaqda maraqlı olduğunu göstərir. Həmçinin, cari geosiyasi fonda Aİ Azərbaycanı sadəcə “etibarlı enerji tərəfdaşı” deyil, həm də regional sabitliyin açarı kimi görür.

Kallasın Bakıda rəsmən elan etdiyi “daha strukturlaşdırılmış tərəfdaşlıq müzakirələrinə açıqlıq” mesajı, Aİ-nin Azərbaycanla yeni ikitərəfli saziş və rəqəmsal/nəqliyyat layihələri üzrə əməkdaşlığı keyfiyyətcə yeni, institusional səviyyəyə qaldırmaq niyyətindən xəbər verir”.

Qeyd edək ki, mayın 4-də İtaliyanın Baş naziri Corciya Meloni də Bakıda səfərdə idi.

Turan Rzayev
Globalinfo.az

Paylaş: