Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə müəllimlərin imtahan suallarının çətinliyi ilə bağlı iradlarını təəccüblə qarşılayıb. Belə ki, o, proqramdan kənara çıxılmadığını və ittihamların əsassız olduğunu bildirib. Sosial şəbəkələrdə isə müəllimlər bu fikirlərlə razılaşmır, sualların məntiqsiz və dolanbac olduğunu deyirlər. Onların sözlərinə görə, bu tip sualları həll etmək üçün məktəb hazırlığı kifayət etmir və repetitor dəstəyinə ehtiyac duyulur.
DİM-in imtahan sualları ilə məktəbdəki təhsil arasında uyğunsuzluqla bağlı iddia nə vaxt səngiyəcək? Məsələnin həll yolu nədir?
Globalinfo.az-a danışan təhsil eksperti Elçin Əfəndiyev deyib ki, DİM-in təşkil etdiyi imtahanlar vahid proqram əsasında təşkil olunur:
“Bu proqram Elm və Təhsil Nazirliyinin bütün təhsil müəssisələri üçün müəyyən etdiyi tədris planına uyğun hazırlanır, eyni zamanda imtahan sualları da həmin proqram çərçivəsində tərtib edilir. İmtahan zamanı mövzular siniflər üzrə müəyyənləşdirilərək ümumi proqramı əhatə edir. Məsələn, 11-ci sinif şagirdi buraxılış imtahanı versə də, ona əvvəlki siniflərin,V və VI siniflərin mövzularından da suallar təqdim oluna bilər. Bu isə abituriyentlər, valideynlər və müəllimlər arasında müəyyən narahatlıq yaradır. DİM-in mövqeyi isə əsaslıdır. Çünki suallar həqiqətən də təsdiqlənmiş proqram çərçivəsində hazırlanır”.
Elçin Əfəndiyev
Ekspert bildirib ki, məsələ daha çox sualların qoyuluşu ilə bağlıdır:
“Bəzi hallarda bir sualı cavablandırmaq üçün bir neçə mövzu üzrə bilik tələb olunur. Bu yanaşma müəyyən səviyyədə biliklərin kompleks yoxlanılmasına xidmət etsə də, bütün abituriyentlər eyni hazırlıq səviyyəsində olmadığından, belə suallar bəziləri üçün çətin görünə bilər. Bu amil nəzərə alınmalı və balans qorunmalıdır. Sualların hazırlanmasına yanaşma da vacibdir. Tapşırıqlar abituriyentin bilik və bacarıqlarını ölçməyə xidmət etməli, müəllifin öz elmi səviyyəsini nümayiş etdirməsi məqsədi daşımamalıdır. Bu, imtahanın obyektivliyini və əlçatanlığını artırar. Repetitor asılılığını azaltmaq və imtahanların daha effektiv təşkili üçün modelin təkmilləşdirilməsi də müzakirə oluna bilər. Xüsusilə, imtahana cəlb olunan fənlərin sayının azaldılması məqsədəuyğun hesab olunur. 6-7 fənn əvəzinə üç əsas fənn üzrə imtahanın təşkili həm abituriyentin dərs yükünü azaldar, həm də valideynlərin maliyyə yükünün yüngülləşməsinə səbəb olar”.
Ləman İmran
Globalinfo.az