Məktəblərdə bu, qadağan olunmalıdır – Ekspert

Sosial şəbəkələrdə qeydiyyatdan keçən şagirdlərin sayı faydalı elektron resurslardan, dərsliklərdən istifadə edənlərdən qat-qat çoxdur. Orta ümumtəhsil müəssisələrində yaşanan bəzi xoşagəlməz hadisələr də telefonun gətirdiyi nəticələrdir. Bütün bunları nəzərə alaraq, orta məktəblərdə mobil telefon istifadəsinin qadağan olunması məqsədəuyğundur.

Globalinfo.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

“Hesab edirəm ki, orta ümumtəhsil müəssisələrində mobil rabitə vasitələrinin istifadəsinin qadağan olunması təhsilin keyfiyyətinə kömək edəcək. Təkcə şagirdlərin deyil, məktəb daxilində müəllimlərin də bundan istifadəsinə məhdudiyyət qoymaq lazımdır. Çünki dərsin gedişində müəllimə zəng gəlir və dərs pozulur, keyfiyyət aşağı düşür”, – ekspert bildirib.

Onun sözlərinə görə, orta məktəblərdə mobil telefonun istifadəsi ilə bağlı məktəb rəhbərliyinin müstəqil yanaşması var:

“Şagirdə mobil telefon yalnız valideynləri ilə əlaqə saxlamaq üçün vacibdir. Qanunvericilik aktlarına uyğun olaraq deyə bilərəm ki, məktəb rəhbəri şagirdlərin məktəbdə telefondan istifadəsi məsələsinin tənzimlənməsi ilə bağlı bu və ya digər qərarı verməkdə müstəqildir. Qüvvədə olan qanunvericiliyə görə, təhsil müəssisələrində zərurət olduğu təqdirdə, yalnız araşdırma və hər hansı müvafiq tədqiqat aparmaq məqsədilə mobil texnologiyalardan – mobil telefonlardan, planşetlərdən istifadə edilə bilər. Ümumiyyətlə, tədris prosesinin gedişatını pozan vasitələrin orta məktəblərdə səmərəsiz istifadəsinə yol verməmək lazımdır. Amma elektron lövhələr, dərs izah etmək üçün istifadə edilən cihazlar, tədris prosesində faydalı məlumatlar almaq üçün işlədilən vasitələr məktəblərdə ola bilər”.

Ekspert problemdən çıxış yollarını izah edərək təklifini irəli sürüb:

“Təklif edirəm ki, orta məktəblərin girişində turniketlər quraşdırılsın. Əl izi, yaxud hansısa vasitə ilə şagirdlərin məktəbə daxil olması həyata keçirilsə, valideynlər də bundan xəbərdar olar. Həmçinin, məktəblərin girişində böyük şkaflar yerləşdirib, hər bir şagirdə nömrə vermək, dərs vaxtı elektron vasitələrini, mobil telefonlarını orada saxlamağa şərait yaratmaq olar”.