Məhkəmə tanınmış naxçıvanlı jurnalistə 6 ay cəza kəsdi

“Suraxanı rayon məhkəməsinin dünən məni CM-nin 147.2 maddəsi ilə təqsirli bilib barəmdə 6 ay islah işləri cəzası kəsməsi həmin məcəllənin yırtılması deməkdir”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Ovqat.com saytının Baş redaktoru, şair-publisist Heydər Oğuz deyib.

Cinayət əməlini yataq dəstinə, Cinayət Məcəlləsini isə çexola bənzədən həmsöhbətimiz fikrini belə əsaslandırıb:

“Bilirsiniz ki, hər bir yataq əşyasının bir özü, bir də çexolu olur. Hər bir çexol da yataq əşyasının özünə keçirilməlidir. Məsələn, yorğanın çexolu yorğana, yastığın çexolu yastığa keçiriləndə yataq dəsti tamamlanır. Biz əgər yastığın çexolunu yorğana və ya döşəyə keçirməyə çalışsaq, həmin əşyanın böyük qismi çöldə qalar və çexol yırtılar. Dünən Suraxanı rayon Məhkəməsində də məhz bu baş verdi. Hakimin çıxardığı hökmlə Azərbaycan Cinayət Məcəlləsi yırtıldı. Çünki həmin maddə böhtanla əlaqədardır və maddənin təqdimat hissəsində böhtanın xüsusiyyətləri belə təsvir olunur: “Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma”.

Maddənin bu tərifindən də göründüyü kimi, hər hansı bir iddianın böhtan adlandırılması üçün 3 hal olmalıdır. Bu hallardan biri yoxsa, iddianı böhtan adlandırmaq olmaz. Bəs bu hallar hansılardır?

Əvvəla, hər hansı iddianın böhtan sayılması üçün o, yalan olmalıdır. Mənim iddialarımda Sara Əzimovanın belə bir status yazdığı barədə fikirlərim isə yalan deyildi. Onun özü də məhkəmədə təsdiq etdi ki, həqiqətən də o statusu yazıb. Həmin statusda Naxçıvanın hansısa hüquq mühafizə orqanı tərəfindən 3 il sərasər təqib olunduğunu və Vasif Talıbovun müdaxiləsi ilə bu araşdırmanın dayandırıldığı bildirilirdi. Üstəlik, o, adını çəkmədiyi bir terror təşkilatı ilə əlaqədə şübhəli bilinərək təqib olunduğunu etiraf edirdi. Mən də çıxışlarımda və yazılarımda bu etirafa əsaslanaraq Vasif Talıbovun hakimiyyəti dövründə terror təşkilatlarına himayədarlıq etdiyini bildirmişdim. Əgər bu iddia yalandırsa, onun cəzası mənə yox, Saraya kəsilməli idi. Çünki özü özünə iftira atmışdı. Bir insanın özünə iftira atması mümkün olmadığından belə çıxır ki, iddia yalan deyildi.

İkincisi, iddianın yalan olması belə təkbaşına onun böhtan kimi qəbul edilməsinə əsas vermir. Bu səhv informasiya həm də onun yalan olduğunu bilə-bilə yayılmalıdır. Əks halda həmin iddia ən pis şəkildə səhih olmayan şərh kimi tövsif edilə bilər. Mən isə şərhimdə bu məlumatın doğru olduğunu düşünürdüm və həqiqətən də doğru idi.

Üçüncüsü, böhtanın digər özəlliyi qarşı tərəfin şərəf və ləyaqətini alçaltmaq məqsədi güdməkdir. Mən isə həmin iddialarımda Sara xanımı hədəf seçməmişdim. Mənim dərdim Vasif Talıbovun terror təşkilatlarına himayədarlıq etməsini əsaslandırmaq idi və Sara Əzimovanın bu paylaşımını dəlil kimi istifadə etməyə çalışırdım. Məqsədim onun şərəf və ləyaqətini alçaltmaq olmadığından iddialarımı da böhtan adlandırmaq mümkün deyildi”.

Heydər Oğuzun fikrincə, bütün bunlara baxmayaraq, Suraxanı rayon məhkəməsinin onun barəsində böhtan maddəsi ilə qərar çıxarması ədalətli deyil və yorğanı üzləyərkən yastıq çexolunu yırtmağa bənzəyir: “Başqa sözlə, dünən Suraxanı rayon məhkəməsində Azərbaycan Cinayət Məcəlləsi yırtıldı”.

Qeyd edək ki, Suraxanı rayon məhkəməsi iyulun 21-də Heydər Oğuza naxçıvanlı bir həmkarına böhtan atmaq ittihamı ilə 6 ay islah işləri cəzası kəsib.

Zaira Akifqızı
Globalinfo.az