Məhərrəmin incə gedişi – növbə bu namizədindir?

Məmləkət Partiyasının sədri Məhərrəm İncə seçkidə yarışmadan çəkildi. O, bu gün namizədliyini geri çəkib. Hesab edirəm ki, bu, doğru və bir qədər də gecikmiş bir qərardır.

İncənin bir çox üstün cəhətləri var. O, ağıllı, hazır cavab, xarizmatik, kütləni ələ ala bilən, hətta fərqli ideologiyadakı kütlələrə xitab edə bilən bir siyasi fiqurdur. Lakin bütün bunlar İncənin seçkilərdə qələbə qazanması üçün kifayət deyil.

İncənin zəif tərəfləri

Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu ilə müqayisədə Məhərrəm İncə zəif bir fiqurdur.
Məhərrəm İncənin yəqin ki, ən zəif tərəfi onun böhran vəziyyətlərini idarə edə bilməməsidir. Çünki o, emosional bir şəxsdir və hisslərini, ambisiyalarını idarə edə bilmir. Bu isə Türkiyədə bir siyasətçi üçün heç də yaxşı hal sayılmır.

İncə şantaj, təhdid, böhtan qarşısında tab gətirə bilmədi. O, hər şeyi hesablayıb seçkilərə qatıldığını düşünsə də görünür, siyasətin qeyd etdiyim bu çirkin yanlarını hesablamağı nəzərdən qaçırıb. Halbuki Türkiyə və dünyanın bir çox ölkələrində şantaj, təhdid, böhtan seçki marafonunun bir parçasıdır.

Uğursuz geri çəkilmə

Məhərrəm İncə əslində namizədliyini daha tez geri çəkməli idi. Bu ona daha sərfəli şərtlər yarada bilərdi. İndiki məqamda isə demək olar ki, heç bir real qazanc əldə edə bilməyəcək.
İncənin əldə etdiyi tək şey yəqin ki, gələcək siyasi karyerasını qorumaqdır. Şantajın, təhdidin, böhtanın davam etməsi İncənin siyasi karyerasını bitirə bilərdi.

CHP-yə tərs şillə

Məhərrəm İncənin namizədliyini geri çəkməsi onun səslərinin kimə gedəcəyi sualını aktuallaşdırır. Hesab etmək olar ki, səslər Ərdoğan və Kılıçdaroğlu arasında bölünəcək.
Bunu deməyə əsas verən başlıca şey İncənin namizədlikdən çəkilərkən, “altılı masa”ya işarə etməsidir. Bu onun səslərinin Kılıçdaroğluna gedəcəyini sual altına salır.

Növbəti Sinan Oğanındır?

Məhərrəm İncənin namizədliyini geri çəkməsindən sonra bir sual aktulallaşıb: “Ata İttifaqı”nın namizədi Sinan Oğan da namizədliyini geri götürəcəkmi?

Məhərrəm İncədən fərqli olaraq Sinan Oğan sonadək mübarizə aparacaq. Əslində İncənin geri çəkilməsi Oğanın xeyrinədir. Bu, onun prestijini artırır.

Oğan seçkilərdə qələbə qazanmasa belə sona qədər mübarizəni davam etdirməsi onun gələcək seçkilərə daha güclü və inamlı qatılmasını təmin edəcək.

Turan Rzayev
Globalinfo.az