İncənin gedişi kimin işinə yarayacaq? – Ekspertdən maraqlı versiya


Türkiyədə seçkilərin keçirilməsinə üç gün qalarkən Məmləkət Partiyasının sədri Məhərrəm İncə prezidentliyə namizədliyini geri götürüb.

Maraqlıdır, Məhərrəm İncənin namizədliyini geri götürməsi seçkilərdə Rəcəb Tayyib Ərdoğanın şansını azaldırmı? Bu hadisə seçkilərə necə təsir edəcək? İncə kimin xeyrinə geri çəkildi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Məhərrəm İncənin prezidentliyə namizədlikdən geri çəkilməsi yeni durum yarada bilər:

“İncə 2018-ci ildə Rəcəb Tayyib Ərdoğanla uğurlu mübarizə aparmış və 31 faiz səs toplamışdı. O, son aylardakı çıxışları ilə ilk dəfə səs verəcək gənclərin diqqətini cəlb etmişdi. Müxtəlif sorğulara görə, İncənin ikinci tura keçidi mümkün olmasa da, o, seçkidə 3 ilə 7 faiz arasında səs toplaya bilərdi.

Elxan Şahinoğlu

Onun özü çıxışında tərəfdarlarına kimə səs verməsi çağırışını etmədi, konkret ünvan göstərmədi. İncə seçki kampaniyasında həm hazırkı Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanı, həm də ana müxalifət lideri Kamal Kılıçdaroğlunu tənqid edirdi, bəlkə də müxalifətə daha çox yüklənirdi. Fikrimcə, İncənin səsləri Rəcəb Tayyib Ərdoğanla Kamal Kılıçdaroğlunun arasında bölünəcək”.

Siyasi şərhçi Aqşin Kərimov isə hesab edir ki, əgər danışılmış və razılaşdırılmış bir şey deyilsə, Məhərrəm İncənin namizədliyini geri götürmək üçün gətirdiyi arqument onun nə qədər zəif siyasətçi olduğunu göstərir:

Aqşin Kərimov

“Əlqərəz, seçki prosesində iki rəqib – Ərdoğan və Kılıçdaroğlu arasındakı rəqabət daha kəskin mərhələyə daxil oldu. Seçkiyə 3 gün qalmış İncənin “incəliyi” Rəcəb Tayyip Ərdoğan üçün çətin olacaq. Məhərrəm İncə Millət İttifaqının vahid namizədi Kamal Kılıçdaroğlunun xeyrinə geri çəkilmədi. Çünki o, CHP-ni ittiham edərək namizədliyini geri çəkdi”.

Politoloq Turab Rzayev qeyd edib ki, Məhərrəm İncənin bu addımı gözlənilən idi:

“İncəyə kifayət qədər böyük təzyiqlər vardı. Onun 45 gün boyunca bu təzyiqlərə dözməsi belə öz növbəsində çox ciddi uğurdur. Müqayisə üçün deyim ki, Meral Akşenər bir müddət CHP blokundan ayrıldı və əlindəki resurslara baxmayaraq, iki gün belə təzyiqlərə dözə bilmədi.

Turab Rzayev

İncənin bu gün namizədliyini geri çəkməsinin əsas səbəbi, şübhəsiz, onun haqqında yayılan şayiələr, internetdə erotik videolarının yayılması, ailə üzvlərinə qarşı çirkin ittihamların irəli sürülməsidir. Məhz bütün bunlar İncənin səhhətinə də çox ciddi təsir etdi.

O ki qaldı onun kimin lehinə geri çəkilməsinə, deyə bilərəm ki, bu qərar hər şeydən öncə Kamal Kılıçdaoğlunun zərərinə olacaq. Hətta deyərdim, Məhərrəm İncə bu qərarı ilə Kılıçdaroğlunun karyerasını bitirdi. Çünki belə çirkin ittihamları, şantaj vasitələrini CHP daxilində qəbul etməyəcəklər”.

Turan Rzayev
Globalinfo.az